Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, hökumət həmin insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir və onlar artıq kəndin “sovxoz” məhəlləsində tikinti işlərinə başlayıblar: "Bir aya necə ev tikəcəklərini söyləmək çətindir. Məsələ burasındadır ki, Azərbaycana keçən iki evin sahiblərinə möhlət verilib: onlar iyunun 24-dək evlərini boşaltsınlar. Yəni iyunun sonunda azərbaycanlılar Kirants ərazisində görünəcəklər".
Xatırladaq ki, Ermənilər işğal dövründə Qazax rayonunun Xeyrimli kəndinin ərazilərini qanunsuz yolla mənimsəmişdilər. Aprel ayından başlanan demarkasiya nəticəsində bu ərazilər Azərbaycana qaytarılır. Ermənistan parlamentinin spikeri Alen Simonyan dünən Tavuş-Qazax istiqamətində sərhədin demarkasiyasının tamamlanmaq üzrə olduğunu açıqlayıb. Qızılhacılı, Aşağı Əskipara və Bağanıs Ayrım istiqamətlərində işin tamamlandığına, sərhəd dirəklərinin basdırıldığına dair məlumat var. Ermənilər Xeyrimli istiqamətində Azərbaycana məxsus olan əraziləri mübahisələndirməyə çalışsalar da, bu bədnam niyyətləri baş tutmayıb.
Elxan SALAHOV