Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etiraz iştirakçıları Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa cəhd edirlər. Proseslər göstərdi ki, onların cəhdləri heç bir nəticə vermədi.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, Ermənistandakı revanşist qüvvələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı olan addımlara maneçilik törətməyə çalışırdılar.
“Bu prosesi aradan qaldırmaq məqsədilə revanşistlər müxtəlif addımlar atırdılar. Bu addımların içərisində İrəvanda etiraz aksiyaları təşkil edilməsi, hökümətə qarşı təzyiqlərin artırılması da var idi. Hadisələr göstərirdi ki, onların bu addımları sadəcə bir qrup insanı maraqlandırırdı. Bu etirazlar kütləvi etirazlara çevrilə bilmədi”, - deyə o əlavə edib. (Trend)