Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, düşərgəyə qatılmaq üçün 400-dən çox müraciət daxil olub. Qeydiyyat və müsahibə mərhələlərindən sonra 52 ölkəni təmsil edən 116 nəfər düşərgədə iştirak üçün seçilib, daha 12 nəfərin ehtiyat siyahıda saxlanılması qərara alınıb. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri vardır. Seçilmiş iştirakçılardan hər hansı birinin düşərgəyə qatılmasında problem yaranarsa, o zaman ehtiyat siyahıda olanlardan biri onun yerinə düşərgədə iştirak edəcək.
Qeyd edək ki, “Diaspor Gənclərinin III Yay Düşərgəsi” 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərində təşkil ediləcək.
Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. Yay düşərgəsinin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.
Gənclər ilk növbədə tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanları əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman xaricdə yaşayan azərbaycanlıları tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə çağırıb. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında da Müzəffər Ali Baş Komandan dünya azərbaycanlılarını ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.
Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.