19.10.2024, 15:52
AZ EN
16.05.2024, 18:59 202

Riqada 28 May - Müstəqillik Günü və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd edilib

XƏBƏRLƏR
  • Mayın 15-də Riqadakı “Qara Başlar Evi”ndə Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü və ölkələrimiz arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib.

Səfirlikdən bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müsəlman dünyasında ilk parlamentli, dünyəvi demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb, xalqımızın müstəqil dövlət qurmaq arzusunun həyata keçdiyini və Cümhuriyyətin yaşadığı 23 ay ərzində mühüm nailiyyətlər qazandığını vurğulayıb.

E.Sultanov Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan xalqının dövrün mürəkkəb sınaqlarından uğurla çıxdığını, ölkənin milli inkişaf strategiyasının əsaslarının qoyulduğunu və uğurla həyata keçirildiyini bildirib.

O, Vətən müharibəsi və birgünlük antiterror tədbirləri nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, dövlət Bayrağımızın respublikamızın bütün ərazisində qürurla dalğalandığını diqqətə çatdırıb.

Səfir Azərbaycanın postmünaqişə dövründə sülh təşəbbüsləri, COP29-a ev sahibliyi, “yaşıl” gündəliyi, Avropa enerji təhlükəsizliyinə töhfəsi, transregional nəqliyyat layihələrinin həyata keçirilməsində rolu, mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi barədə məlumat verib. O, bu il iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirərək Ulu Öndərin bu əlaqələrin banisi olduğunu diqqətə çatdırıb. Hazırda iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirən E.Sultanov həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Latviya tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Armands Krauze çıxışında Müstəqillik Günü və diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb, ölkələrimizin dinamik inkişaf edən əlaqələrinin səviyyəsindən məmnunluğunu bildirib. O, həyata keçirilmiş və nəzərdə tutulan səfərlərin əhəmiyyətini vurğulayıb, müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın mövcud olduğunu deyib.

A.Krauze Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdırıb, ölkəmizin regionda aparıcı rol oynadığını vurğulayıb.

Tədbir mədəni proqramla davam edib.

Rəsmi qəbul çərçivəsində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə hazırlanmış, ali və yüksək səviyyədə həyata keçirilmiş səfərlər, görüşlər və imzalanmış ikitərəfli sənədləri, ölkəmizin füsunkar təbiətini və zəngin mədəni irsini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.

Qeyd edək ki, rəsmi qəbuldan əvvəl Azərbaycanın Latviyadakı səfirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Riqada ilk dəfə Dekorativ İncəsənət və Dizayn Muzeyində Azərbaycan xalçalarının “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərginin açılışı keçirilib. (AZERTAC)

Oxşar xəbərlər