Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Zəngəzur vilayətindəki postlarını bağlamağa başlayıblar. Söhbət Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş bölgəsində yerləşən qoşun hissələrinin geri çəkilməsindən gedir.
"Vətən səsi" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilir ki, rusiyalı hərbçilər 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında vilayətin Gorusla Qafan rayonları arasında yerləşən Çakaten kəndində məskunlaşıblar.
Bundan əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjorian Rusiya sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarıldığını bəyan edib.
Xatırladaq ki, qoşunların geri çəkilməsi barədə razılıq Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də Moskvada işgüzar səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə əldə edilib. Razılaşmaya əsasən, rus sərhədçiləri 44 günlük müharibədən sonra Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş bölgəsindəki postlardan çıxaraq həmin əraziləri Ermənistan ordusunun bölmələrinə təhvil verməlidir. Həmçinin Rusiyanın Zvartnots hava limanındakı qoşun hissələri də çıxarılmalıdır.
Elxan SALAHOV