Bunu politoloq Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, sülhməramlıların Azərbaycan ərazisini tərk etmələri heç də təsadüfi deyil.
“Vurğulanmalıdır ki, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir və sülhməramlıların ölkəmizi tərk etməsi həm də ikitərəfli münasibətlərin göstəricisidir. Münaqişənin həllindən sonra Rusiya anladı ki burada qoşunlarını saxlamaq mənasızdır. Artıq münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açır.
İkinci Qarabağ müharibəsi və ondan sonra keçirilən lokal anti-terror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bütün bunlar isə Azərbaycan tərəfindən dəqiqliklə hesablanmış siyasətin tərkib hissəsi idi”.
Politoloq vurğulayıb ki, 10 noyabr bəyanatı imzalanarkən sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsində məhz Prezident İlham Əliyev israr etmişdi.
“Həmin dövrdə biz bəzi qaragüruhçular tərəfindən bu məsələ ilə bağlı eşidirdik ki, “rusiyalı sülhməramlılar burada qalacaq, getməyəcəklər” və s. Amma bu gün biz növbəti dəfə şahidlik edirik ki, Azərbaycan Prezidenti nəyi nə vaxt etməyi özü bilir. Sülhməramlılar nəinki 2025-ci ildə, hətta daha tez Azərbaycanı tərk edirlər. Bu proses tamamilə Azərbaycan xalqının mənafeyinə uyğun şəkildə baş verir. Deməli, bəziləri hadisələri qabaqlamaqda ciddi yanlışlığa yol vermişdilər”.
A.Qarayev onu da əlavə edib ki, bəzi dairələr bu məsələdə də ikili standartlar nümayiş etdirirlər.
“Bir sıra Qərb dairələri münaqişənin həll olunmasını və sülhməramlıların Azərbaycan ərazisini tərk etməsini alqışlamaq əvəzinə, məsələni neqativ yöndə şərh edirlər. Əlbəttə, bu da təəccüblü deyil, çünki Cənubi Qafqazda sülh olmamasında maraqlı qüvvələr var və onlar müxtəlif yollarla öz məqsədlərinə çatmaq istəyirlər. Azərbaycana təzyiq göstərə bilməmələri onlarda müəyyən qıcıq yaradır. Həmin qüvvələr regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdürlər.
Dövlətimiz isə hər zaman Aəzrbaycan xalqının mənafeyini əsas götürərək, müstəqil siyasət yürüdür və hansısa geosiyasi məqsədlərə xidmət etmir. Sülhməramlıların Azərbaycan ərazisini tərk etməsi də Azərbaycanın yürütdüyü siyasətin məntiqi sonluğu oldu, artıq açıq qalan heç bir məsələ qalmadı”. (Trend)