Bu sözləri müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib. Onun sözlərinə görə, ilk növbədə, elə görünür ki, Ermənistan rəhbərliyi Azərbaycan ilə sülh istəyir və bunu dəfələrlə vurğulayır. Hətta bunun üçün Azərbaycanın bütün şərtlərini qəbul etməyə hazırdır və Ermənistana yeni müharibə lazım deyil. Lakin diqqətlə baxdıqda burada başqa məqamların olduğu üzə çıxır. Rusiya Ermənistan üçün döyüşməyəcəyini göstərdi və Ermənistan üçün Fransa kimi yeni müttəfiq yarandı. Amma İrəvan başa düşmür ki, açıq müharibə olacağı təqdirdə Fransa köməyə gəlməyəcək. Fransa həm də Ukrayna müharibəsində iştirak edir. Belə olan halda Ermənistan təkbaşına Azərbaycan və Türkiyə ilə mübarizə aparmalı olacaq. Buradan məlum olur ki, onun heç bir şansı yoxdur. O zaman sual yaranır, erməni hərbçiləri niyə, hansı məqsədlə vəziyyəti gərginləşdirir?
“Bu suala cavab tapmaq üçün unutmayaq ki, erməni cəmiyyəti homogen deyil. Paşinyan əksəriyyətin dəstəyini alır, amma qisas almaq istəyənlərin sayı da az deyil. Onilliklər boyu Ermənistanda yalnız sərvətlərini artıraraq millətçi əhval-ruhiyyə ilə hakimiyyəti saxlayan insanlar idarə edirdi. Onların hələ də orduda və təhlükəsizlik xidməti orqanlarında mühüm nüfuzlu əlaqələri var. Onu da xatırlamaq lazımdır ki, Rusiyanın Ermənistanda, ilk növbədə, eyni güc strukturlarında böyük casus şəbəkəsi var. Ona görə də heç kim indi Paşinyana paxıllıq etməyəcək. Amma insaf naminə demək lazımdır ki, işlərin bu cür dönüşündə ikili-üçlü oyunları ilə onun özü də günahkardır.
Belə olan halda isə unutmamalıyıq ki, vəziyyəti gərginləşdirmək cəhdləri hələ də dəfələrlə olacaq. Ümid edirəm ki, Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır”, - deyə gürcü politoloq bildirib. (AZERTAC)