Bu fikri açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.
QHT sədri bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, elm xadimləri Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrləri – Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə müraciət ediblər. Müraciət edənlər Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırıblar.
"Məsələnin beynəlxalq hüquqi tərəfinə gəldikdə, Ermənistan Respublikasının bu əməlləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın “Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi” və “Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları”, habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri çərçivəsində Ermənistanın öhdəlikləri ilə ziddiyyət təşkil edir. 1540 saylı BMT TŞ-nin qətnaməsində dövlətlərin nüvə materiallarının fiziki təhlükəsizliyi, onların qeyri-qanuni yayılması və ticarətinin qarşısının alınmasına dair öhdəlikləri var.
Köhnə texnologiya ilə işləyən, 9.5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8 bala hesablanmış Metsamor Atom Elektrik Stansiyası Cənubi Qafqazda atom faciəsi təhlükəsi yaradır. O, sovetlər dönəmində qurulmuş, avadanlığı köhnəlmiş bir obyektdir. Orada qəzanın baş verməsi ehtimalı çox böyükdür", - deyə R.İsgəndərli diqqətə çatdırıb.
QHT sədrinin sözlərinə görə, “Metsamor” AES təkcə Cənubi Qafqaz bölgəsi deyil, daha böyük ərazi üçün təhlükə mənbəyidir. Burada baş verə biləcək qəza daha geniş əraziyə təsir edəcək. Bu stansiya Azərbaycan üçün də çox böyük təhlükə mənbəyidir.
"Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti təsisatları indiyədək beynəlxalq təşkilatlara bu təhlükə haqqında dəfələrlə xəbər verib, bu gün də haqlı olaraq onun bağlanmasını tələb edir", - deyə Ramil İsgəndərli vurğulayıb. (AZERTAC)