19.10.2024, 00:22
AZ EN
20.02.2024, 20:50 198

Türkiyə-Azərbaycan birliyi bölgədə sülhün və işbirliyinin qarantıdır

XƏBƏRLƏR
  • Dostluq və qardaşlıq bağlarına sədaqətin ən parlaq nümunələrindən birini prezident seçkilərindən sonra dövlət başçılarının - Türkiyə liderinin Azərbaycana, Azərbaycan liderinin isə Türkiyəyə ilk rəsmi xarici səfərləri adlandırmaq olar. Fevralın 7-də keçirilən tarixi seçkilərdən sonra da Prezident İlham Əliyev ilk xarici səfərini qardaş Türkiyəyə etdi. Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri zamanı mətbuat üçün bəyanatında bunun təbii və bir ənənə olduğunu diqqətə çatdırdı.

Bu fikirləri açıqlamasında siyasi şərhçi Emin Bağırov bildirib. O bildirib ki, artıq Azərbaycan regionun mühüm aktorlarından birinə çevrilib. Türkiyə ilə sıx əlaqələr ölkəmizin nüfuzunu daha da gücləndirir, iqtisadi və siyasi manevrlər üçün daha geniş imkanlar yaradır. Qeyd etmək ədalətli olardı ki, Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və həmrəylik üzərində qurulan münasibətlərin bu gün dünyada analoqu yoxdur. Münasibətlərimizin yüksək səviyyəsi əcdadların mənəvi irsinin nəticəsidir ki, bu da Azərbaycan və Türkiyə xalqları üçün həmişə örnək olmuş və bundan sonra da olacaqdır. Son 30 il ərzində Ankara bütün platformalarda Bakının ədalətli mövqeyini dəstəkləmiş, Qarabağın Ermənistan tərəfindən işğalına son qoymağa çağırmışdır.

Azərbaycanda müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə Türkiyə ilə əlaqələrə xüsusi önəm verildiyi hər zaman qeyd olunur. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı tarixin ən mühüm anlarında, xüsusən İkinci Qarabağ müharibəsi zamanı qardaş Türkiyənin bizə diplomatik və mənəvi dəstəyini hər zaman yüksək qiymətləndirir və heç vaxt unutmur. Sirr deyil ki, bugünkü Türkiyə dünyanın ən güclü dövlətlərindən birinə çevrilib, ölkə sürətlə inkişaf edir. Son illər Türkiyə dünyanın qabaqcıl dövlətləri ilə bərabər siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə ciddi uğurlar qazanıb.

Təkcə regionda deyil, planetin müxtəlif yerlərində münaqişələrin baş verdiyi, gərginliyin müşahidə olunduğu yerlərdə sülhün bərqərar olması baxımından Türkiyə dövlətinin rolu xüsusi vurğulanmalıdır. Qardaş ölkə sabitliyin, təhlükəsizliyin və ədalətin təmin olunmasına xidmət edir.

Azərbaycan lideri mətbuata açıqlamasında bu məqama toxunaraq bildirdi ki, Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlərin Türkiyənin mövqeyindən asılı olduğunu vurğulayan Prezident İlham Əliyev əlavə etdi ki, Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır: “Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir”.

İqtisadi aspekt Azərbaycan-Türkiyə birliyinin ən mühüm həlqələrindən biridir. Ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsi ilk dəfə olaraq 7,5 milyard dollara çatmışdır, lakin Bakı və Ankara 15 milyard dollarlıq hədəfə çatmaq üçün əlavə səylər göstərməyə qərarlıdırlar. Prezident İlham Əliyev çıxışında bildirdi ki, keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Dövlət başçısının sözlərinə görə, əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Bundan başqa, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Azərbaycan və Türkiyə təkcə regionumuza deyil, həm də daha geniş coğrafiyaya fayda verə biləcək yeni layihələr üzərində işləyirlər. Siyasi müşahidəçilərin fikrincə, bu əməkdaşlıq bu gün bütövlükdə dünyanın üzləşdiyi təhlükələr və risklər fonunda yeni çağırışlara ən yaxşı cavabdır. Xüsusilə söhbət mövcud layihələrin inkişafından və yeni nəqliyyat və enerji layihələrinin həyata keçirilməsindən gedir.

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə qarşılıqlı əlaqələr müttəfiqlik ruhunda inkişaf edir. Ordularımızın bir yumruq anlamına gəldiyini bildirən Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, İkinci Qarabağ savaşının və ondan sonra düz 5 ay əvvəl keçirilmiş antiterror tədbirlərinin Türkiyənin ordu modelinin Azərbaycanda artıq tam oturuşduğunu göstərdi. Təbii ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün mühüm komponentdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh sazişinin imzalanması, şübhəsiz ki, həm regionumuzda, həm də bütün dünyada sülh və sabitlik üçün yeni ümid mənbəyinə çevriləcək: “Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram”.

İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti humanitar əlaqələrdir. Bu kontekstdə Ankarada Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması diqqətəlayiqdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, gələcəyə yönəlmiş təşəbbüsdür: “Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır”.

Sonda Emin Bağırov qeyd edib ki, Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsində təsbit olunmuş ruhda münasibətlərin ən yüksək səviyyəsinə yüksələrək sülhə və inkişafa yol açmaqda davam edir. Dünyada analoqu olmayan bu nümunəvi münasibətlər modelini təkcə ölkələrimiz arasındakı strateji, müttəfiqlik, qardaşlıq əlaqələri deyil, həm də iki liderin şəxsi dostluğu müəyyən edir. Bunlar Azərbaycan-Türkiyə birliyinin daha da dərinləşməsi və genişlənməsi üçün ən mühüm komponentlərdir. (AZERTAC)

Oxşar xəbərlər