20.09.2024, 13:44
AZ EN
20.02.2024, 10:34 272

Qarabağda münaqişə yox, dircəliş var...

XƏBƏRLƏR
  • Fevralın 16-da Münhendə Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər və ticarət naziri İan Borqla görüşündə ATƏT-lə bağlı səsləndirdiyi fikirlər geniş rezonans doğurub.

"Vətən səsi"nin məlumatına görə, dövlət başçısı deyib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməlidir. Prezident Əliyev bunu Qarabağ münaqişəsinin başa çatması ilə əlaqələndirib və bildirib ki, artıq ATƏT-in belə strukturlarına ehtiyac yoxdur.

Politoloq Turan Rzayev mövzunu şərh edərkən deyib ki,  Azərbaycan prezidentinin Münhendə səsləndirdiyi fikirlər Avropada və beynəlxalq təşkilatlarda birmənalı şəkildə dəstəklənir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətsizdir və birtərəfli qaydada həmsədrlərdən biri tərəfindən onsuz da ləğv edilib: "Hələ 2022-ci ilin aprelində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini demişdi. Rəsmi Moskva Ukrayna müharibəsi ilə əlaqədər olaraq digər həmsədrlər ABŞ və Fransanın onlarla birgə işləmədiyini əsas gətirərək bu addımı atmışdı. Bu gün isə Ermənistan tərəfindən qurumun canlandırılmasına çalışılır. Lakin Əliyevin “Qarabağ münaqişəsi başa çatıb” arqumenti bu təşəbbüsü mümkünsüz edir".

Politoloq bildirir ki, Qarabağ münaqişəsinin faktiki olaraq başa çatdığı və bu mövzunun bitdiyi beynəlxalq aləm tərəfində də qəbul edilir. Tural Rzayevin fikrincə, münaqişənin sülh yolu ilə həlli məqsədiilə yaradılmış Minsk Qrupu və digər xırda strukturların problemin həllinə heç bir töhfə verməməsinin nəticəsi ortdadır və bunu hər kəs görür: "Minsk Qrupu yaradıldığı gündən həmsədrlərin regiona əhəmiyyətsiz səfərləri ilə buna nail oluna bilmədi. Əksinə, ildən-ilə Ermənistanın “konyak diplomatiyası”na aludə olan həmsədrlər ciblərini dolduraraq tərəfsizliyi itirdilər. Nəticədə İkinci Qarabağ müharibəsi başladı və proses Azərbaycanın hərbi yola əl atması ilə tənzimləndi. İndi “Dağlıq Qarabağ” adlı münaqişə keçmişdə qalıb. Belə olan halda bu qurumların fəaliyyətinin mümkünlüyündən söhbət gedə bilməz".

Ekspert dövlət başçısının Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığı barədə açıqlamalarının da bu yöndə mühüm əhəmiyyət daşıdığı qənaətindədir. Onun sözlərinə görə, Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşündə “vasitəçi” deyil, “təşəbbüsçü” olmasının qabardılması da rəsmi Bakının reallığı əks etdirən mövqelərini möhkəmləndirir: "Şolts vasitəçi deyil, ev sahibi kimi görüşün baş tutmasına təşəbbüs göstərib, görüş isə ikitərəfli formatda olub, çünki Azərbaycan-Ermənistan münasibətləri artıq ikitərəfli xarakter daşıyır. Nəticə etibarilə rəsmi Bakı keçmişin qalıqları olan və artıq bitmiş bir münaqişənin izlərini daşıyan qurumların fəaliyyət göstərməsini istəmir. Buna görə də haqlı tələb kimi adıçəkilən qurumların ləğvini tələb edir".

Əslində Avropanın bəzi dairələrində ATƏT-in xırda Minsk Qrupu kimi xırda strukturlarını diriltmək cəhdləri faydasız olduğunu hər kəs görür. Çünki hazırkı reallıqlar ortdadır, indi Qarabağda münaqişə yox, dircəliş var...

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR