Şərti sərhəddəki son insident Ermənistan Baş naziri Nikol Paşinyanı Azərbaycanla qısa müddətdə sülh sazişini imzalamağa həvəsləndirməlidir.
"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, dünən və ötən gecə şərti sərhədin həm Zəngilan, həm də Tovuz rayonu istiqamətində törədilən təxribat sülh danışıqlarına təhdid kimi qiymətləndirilir.
Ekspert Ermənistanın son təxribatlarının arxasındakı məqamlara diqqət çəkib: “Paşinyan açıqlamalarının birində demişdi ki, orduda “beşinci kolon” var. Aydındır ki, bunu deyəndə Rusiyanı nəzərdə tutub. Paşinyan təhlükəsizlik sahəsində nə qədər Qərbə yaxınlaşmaq istəsə də, ordusunun zabit heyəti sovet və Rusiya hərbi məktəb və akademiyalarının məzunlarıdır. Üstəlik, bu heyətin bir hissəsi Rusiya hərbi kəşfiyatına bağlıdır. Odur ki, həmin zabitlər Moskvadan gələn istənilən əmri yerinə yetirə bilərlər. Azərbaycan hərbçilərinə atəş açılması da onların tərxibatına oxşayır. Burada məqsəd bölgədə vəziyyəti gərginləşdirmək və Paşinyanın mövqelərini zəiflətməkdir".
Elxan Şahinoğlu bildirir ki, Azərbaycan üçün Ermənistan ordusunun kimlərə tabe olmasının fərqi yoxdur. Onun fikrincə, istər Rusiya, istərsə də Paşinyan olsun, Azərbaycan ordusu təxribata adekvat cavab veriləcək: "Əslində, son təxribat Paşinyanı ciddi düşündürməlidir. Birincisi, həmin silahlar bir gün onun hakimiyyətinə də tuşlanacaq. İkincisi, baş nazir tərxibatın arxasındakı gücləri neytrallaşdırmağa çalışmalıdır. Əks halda bu, özü və ölkəsi üçün daha ağır nəticələrə yol açacaq”.
Politoloq hesab edir ki, dünən və ötən gecə sərhəddə baş vermiş gərginlik Paşinyanı Azərbaycanla qısa müddətdə sülh sazişini imzalamağa da həvəsləndirməlidir: “Sülh müqaviləsinin imzalanması yubandıqca, Ermənistan ordusundakı təxribatçılar Paşinyana başqa problemlər də yaradacaq”.
Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Gecə saat 20:50-də və 23:40-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Elxan SALAHOV