27.07.2024, 08:52
AZ EN
12.02.2024, 17:10 181

Göyçə mahalının tarixi və Azərbaycanın siyasi-ictimai mühitində yeri – Məqalə

XƏBƏRLƏR

Göyçə mahalı Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında 1991-ci ilədək azərbaycanlıların kompakt yaşadıqları ərazilərdən biridir. Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Göyçə mahalı tarixən türk tayfalarının yurdu olub. Göyçə Azərbaycanın siyasi-ictimai həyatına töhfə verən azərbaycanlıların tarixi diyarı kimi tanınıb və tarixşünaslıqda yerini alıb. Oğuz elinin Göyçədə məskunlaşmasının azı 5 min, özünümüdafiə şüuruna yetməsinin azı 4 min, dil və yazı mədəniyyəti əxz etməsinin minimum 3 min, dövlətləşmə mərhələsinə qədəm qoymasının azı 2700, yazılı ədəbi və tarixi abidələr yaratmasının isə azı 2500 illik tarixi var. Uzaq tarixi keçmişə malik mahalın adı olan “Göyçə” kəlməsi təkcə “göyçək”, “gözəl yurd”, “göy sulu” mənasını ifadə etmir, həmçinin oğuz türkünün 3-5 min il öncəki dilində bu kəlmə “müqəddəs insanlar yurdu”, “baş tanrının yurdu”, “səmavi varlıqlar yurdu” anlamına gəlir. Göyçə mahalı oğuz elinin düşüncə mərkəzi, oğuz boylarının “Tenqri” kimi qəbul etdikləri seçkin şəxsiyyətlərin yurdu kimi də tanınır.

Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Əfqan Vəliyevin “Göyçə mahalının tarixi və Azərbaycanın siyasi-ictimai mühitində yeri” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin bildirilir ki, Göyçə mahalına türk mənşəli kimmer, skif, sak tayfaları buradakı yerli türk əhalinin mövqeyini daha da gücləndirib. “Kitabi-Dədə Qorqud” dastanında da Göyçə mahalı oğuz türklərinin vətəni kimi təsvir olunur, həmçinin burada Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlərin adları çəkilir. Türk mənşəli Sacilərin, Salarilərin və Rəvvadilərin, Böyük Səlcuq imperiyasının, Atabəylər, Hülakü, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin tərkibində olan Göyçə mahalı Səfəvilər dövründə Çuxursədd bəylərbəyiliyinin inzibati ərazi vahidlərindən biri olub. Türk tayfalarının idarə etdikləri bəylərbəyilik Səfəvi-Osmanlı müharibəsi dövründə ciddi dağıntılara məruz qalıb, İstanbul sülh müqaviləsi ilə Osmanlı imperiyasının tabeliyinə keçib. XVIII əsrdə Çuxursədd bəylərbəyiliyi İrəvan, Naxçıvan və Maku əyalətlərini əhatə edib və Əfşarlar imperiyasının hüdudları daxilində Azərbaycanın inzibati ərazisinin tərkibində olub. Nadir şahın ölümündən sonra Göyçə gölü ətrafında yaranan İrəvan xanlığının tərkibinə daxil olan Göyçə mahalı xanlığın şimal hissəsini əhatə etməklə həm ərazisinə, həm də əhalisinin sayına görə ən böyük mahal hesab edilib.

Müəllif yazır ki, Göyçə mahalı müharibə ilə Rusiyaya birləşdirilənədək İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. XIX əsrin ortalarında əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edən Göyçə gölü hövzəsində yeni inzibati ərazi vahidi - Yeni Bəyazid qəzası təşkil edildi. Bu addımı atmaqla çar hökuməti tarixi Azərbaycan ərazilərini tədricən planlı şəkildə erməniləşdirmək məqsədi güdürdü. Qəza inzibati cəhətdən 4 nahiyəyə - Dərəçiçək, Göyçə, Gözəldərə və Məzrəyə bölündü. Göyçə gölü və gölün sahilyanı əraziləri qəzanın şimal-şərq və cənub-qərb ərazilərini bir-birindən ayırırdı. Tarixi Azərbaycan torpağı olan İrəvanın işğalından sonra yerli türk əhaliyə qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə aparılan etnik təmizləmə və soyqırımı siyasəti, ermənilərin planlı şəkildə köçürülməsi nəticəsində bu ərazilər Azərbaycandan zorla qoparıldı. 1828-ci il Türkmənçay, 1829-cu il Ədirnə müqavilələri ilə İrəvan xanlığı Rusiyanın tərkibinə daxil edildi, Azərbaycanın qədim və tarixi torpaqlarında yeni inzibati bölgü – “Erməni vilayəti” yaradıldı. 1829-1832-ci illərdə həyata keçirilən siyahıyaalmanın nəticəsinə görə, Göyçə mahalı ərazisində 59 dağıdılmamış kənd qalmışdı. Həmin kənlərdən 40-ı məlum olsa da, digər 19-unun adı unudulub. Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ərazisi 114 min kvadratkilometr olub. 1920-ci ildən AXC-ni işğal edən rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur, Göyçə, Şərur, Dərələyəz mahallarını, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana verdi. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkan Göyçə mahalı süni şəkildə beş inzibati rayon arasında bölünüb: Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka.

Məqalədə vurğulanır ki, geniş otlaqlara malik Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olub. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustadlar, saz və söz sənətkarlarını bəxş edib. Göyçə mahalı cənubdan Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimaldan isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunub. Şahdağdan baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olub. Bu mahalda yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətiriblər. Oranın hər guşəsində türk-oğuz izlərinə rast gəlinir. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günədək oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Göyçə mahalının Ağzıbir, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Kərimkənd, Kosa Məmməd, Nərədüz, Məmmədağalı, Qışlaq, Daşkənd, Bala Məzrə, Yarpızlı, Sədənağac və digər kəndlərində mövcud olan tarixi abidələr Alban memarlıq abidələri kompleksinə daxil olmaqla, həm də ulu keçmişimizdən xəbər verir. Bu abidələrin, qəbirlərin bir çoxu vətəndaşlarımızın deportasiyasından sonra dağıdılıb, qarət edilib, ermənilər tərəfindən mənimsənilib. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak etmişdi. Göyçə mahalının dilbər guşələrdən biri də Aşağı Qaranlıq bölgəsi idi. Tamamilə dağlıq ərazidə yerləşən bu bölgənin rəngarəng çiçəkləri sanki təbiətin özünün toxuduğu bir xalıya bənzəyirdi. Yanıx, Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türkləri rəngarəng, al-əlvan xalçalar ərsəyə gətiriblər, həmin nümunələr bu günə qədər gəlib çatıb. (AZƏRTAC)

 

Oxşar xəbərlər