27.07.2024, 15:22
AZ EN
12.02.2024, 11:23 253

Makronun Brüssel görüşündə iştirak niyyəti sülh danışıqlarını poza bilər

XƏBƏRLƏR
  • "Dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin xahişi üzərinə Ermənistanın baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləyib. Bunun üçün əsas şərt görüşün üçlü formatda təşkilidir".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan prezidentinin Ermənistanla sülh danışıqları üzrə növbəti görüşün Avropa İttifaqı Şurasının təşkilatçılığı ilə Brüsseldə keçirilməsinə razılıq verməsini şərh edərkən bildirib. O, qeyd edib ki, masada Fransa Prezidenti Emmanuel Makron da yer almağa çalışarsa, görüş alınmayacaq. Belə olan halda rəsmi Bakı üçün Brüsselin vasitəçiliyi yenə arxa plana keçəcək.

Ekspert hesab edirk, Makronun həmin görüşdə iştirak etmək niyyətinin danışıqlar proseinin davamlılığına zərbə vura biləcəyini Şarl Mişel də anlayır: "Şarl Mişel üçün bu görüş həm də ona görə vacibdir ki, Avropa İttifaqı ölkələrində seçkilər keçiriləcək və bunun əsasında birliyin icra strukturları yenidən formalaşacaq. Yəni 2024 Şarl Mişel üçün Avropa İttifaqı rəhbərliyində son il ola bilər. Buna görə də Mişel son ilində müxtəlif istiqamətlərdə uğur qazanmaq istəyir. Bu istiqamətlərdən biri də Azərbaycanla Ermənistan arasında vasitəçilikdir. Şarl Mişel digər avropalı rəsmilərdən fərqli olaraq iki ölkə arasında balansı pozmur və İlham Əliyev bunu müsbət qiymətləndirir".

Elxan Şahinoğlu onu da əlavə edib ki, əslində sülh sazişinin və ya çərçivə sazişinin Brüsseldə imzalanması həm Bakının, həm də İrəvanın maraqlarına cavab verər. "Ancaq bunun üçün Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü ifadə edən bəndin qəbuluna və özündə ərazi iddiası əks etdirən Ermənistan Konstitusiyasının yenilənməsinə razı olmalıdır".

Elxan SALAHOV

Oxşar xəbərlər