19.10.2024, 20:30
AZ EN
09.02.2024, 17:17 182

Dmitri Savelyev: Azərbaycan xalqının seçkilərdə birliyi fəaliyyətdə olan liderə birmənalı dəstəyin göstəricisidir

XƏBƏRLƏR
  • Azərbaycanda başa çatan prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyev 92 faizdən çox səslə mütləq qələbə qazanıb. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev müsahibəsində bu seçkilərin nəticələrinin Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafına necə təsir edəcəyi barədə danışıb.

-Dmitri İvanoviç, sizcə, prezident seçkilərində Azərbaycanın liderinə göstərilən belə yüksək dəstəyin səbəbi nədir?

– Lider - bu, çox düzgün tərifdir: İlham Heydər oğlu Əliyev Azərbaycan xalqı üçün məhz milli liderdir, eyni zamanda, yüksək səriştəli, nüfuzlu, sələfi - müasir müstəqil Azərbaycanın memarı Heydər Əlirza oğlu Əliyevin başlatdığı uzunmüddətli siyasəti sistemli şəkildə həyata keçirən bir şəxsiyyətdir. Bu, ilk növbədə, dövlətin bütövlüyünün bərpası və regional sabitliyin möhkəmləndirilməsi, mütərəqqi iqtisadi və sosial inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, iri infrastruktur layihələrinin həyata keçirilməsi, Azərbaycanın dünya miqyasında rolunun gücləndirilməsi kursudur. Təəccüblü deyil ki, azərbaycanlılar İlham Heydər oğlunun qələbəsini geniş xalq şənlikləri ilə qeyd etdilər: rəqs etdilər, Dövlət Bayrağını dalğalandırdılar, bayramlaşaraq bir-birlərini təbrik etdilər. Onu da əlavə etmək yerinə düşər ki, bu dəfə həm seçici fəallığı, həm də hazırkı Prezidenti dəstəkləyən seçicilərin faizi 2018-ci ildə keçirilən son seçkilərlə müqayisədə daha yüksək olub. Azərbaycan xalqının birliyinin belə əyani nümayişi milli kursa və hazırkı liderə şəksiz dəstəkdən xəbər verir.

-Necə hesab edirsiniz, İlham Əliyevin yeni prezidentlik dövründə Moskva ilə Bakı arasında münasibətlər necə olacaq?

– Bu gün Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əlaqələri çox yüksək səviyyədədir və şübhəsiz ki, bundan sonra da fəal inkişaf edəcək, çünki bizim əməkdaşlıq üçün çox geniş perspektivlərimiz var. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin seçkilərdə inamlı qələbə münasibətilə İlham Heydər oğlunu təbrik etdiyi telefon danışığında dövlətlərimizin başçıları bunu bir daha müzakirə etdilər. Müasir dünyada regional ittifaqlara arxalanmaq xüsusi əhəmiyyət kəsb edir və bu, Azərbaycan və Rusiyanın timsalında həm ortaq tariximizlə, həm də iki ölkənin cari strateji, iqtisadi, ictimai maraqları ilə, əlbəttə ki, liderlərimizin dərin qarşılıqlı anlaşması ilə də möhkəmlənmiş qardaşlıq ittifaqıdır.

-Sizcə, Rusiya-Azərbaycan əməkdaşlığı hansı sahələrdə daha perspektivlidir?

– Yanvarın sonunda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıya işgüzar səfər edib. Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədrlərinin iclasının yekunlarına dair Rusiya Baş nazirinin müavini və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev 2024-2026-cı illər üçün ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Yol Xəritəsini imzalayıblar. Bu fəaliyyət planı Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yeddi əsas istiqamətini müəyyən edir: iqtisadi-ticarət, sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni, humanitar və informasiya texnologiyaları. Bütün bu əməkdaşlıq sahələrində artıq həm tamamilə fəal şəkildə həyata keçirilən layihələr, həm də yeni sazişlər mövcuddur. Xüsusən, Aleksey Overçukun Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev və Baş nazir Əli Əsədovla görüşündə Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari tərəfdaşlıq müzakirə mövzusu olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin təqribən 20 faiz artdığı, yük və tranzit daşımalarının nəzərəçarpacaq dərəcədə intensivləşdiyi, Rusiya ilə Azərbaycan arasında hər iki istiqamətdə turist səfərlərinin sayında bir yarım dəfə artım olduğu da qeyd edilib.

Xəzərin enerji ehtiyatlarının işlənilməsi sahəsində əməkdaşlıq da gücləndirilir və bundan əlavə, sənaye kooperasiyasında - təyyarə və avtomobil istehsalı üzrə, energetikada, dərman preparatlarının istehsalı və digər mühüm sahələrdə bir sıra birgə layihələr həyata keçirilir. Son bir ildə Azərbaycan iqtisadiyyatına Rusiyadan birbaşa investisiyaların həcmi isə artıq milyardlarla rubl təşkil edir. Rusiyanın regionları ilə Azərbaycan arasında birbaşa qarşılıqlı əlaqələr də dinamik inkişaf edir.

-Yaxın vaxtlarda bizi hansı irimiqyaslı Rusiya-Azərbaycan birgə layihələri gözləyir?

– İlk növbədə, Rusiya və Azərbaycan üçün prioritet logistika və strateji layihələrdən biri olan və bütün regionun sosial-iqtisadi inkişafının əlavə hərəkətverici qüvvəsinə çevrilə biləcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi istiqamətində fəal işi qeyd etmək istərdim. Təbii ki, xalqlarımız arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, mədəniyyətlərimizin qarşılıqlı zənginləşməsinə töhfə verən çoxsaylı birgə humanitar, təhsil, gənclər, turizm, idman və yaradıcılıq layihələri bundan sonra da davam edəcəkdir. Xüsusən, bu yaxınlarda Moskvada Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov arasında baş tutan görüş bu sahələrdə əməkdaşlığın inkişafına həsr olunub.

-Bu il Azərbaycan prezidentinin seçkiləri otuz ildə ilk dəfə olaraq Qarabağ torpağında keçirildi və bu səbəbdən çoxları bu hadisəni tarixi, epoxal adlandırır. Siz bu fikirlərlə razısınız?

-Aydındır ki, məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması ölkədə seçkilərin daha erkən vaxtda keçirilməsini şərtləndirib: ölkə üçün yeni epoxa başlayıb və simvolikdir ki, o, hazırkı uzunmüddətli milli kursa ümumxalq dəstəyinin nümayiş etdirilməsi ilə əlamətdar olub. Şübhəsiz ki, bölgədə dinc həyatın bərpasını təsdiqləyən seçkiləri epoxal adlandırmaq olar. (AZƏRTAC)

Oxşar xəbərlər