"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Baş nazir Nikol Paşinyanın Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı çıxışları, Azərbaycana və Terkiyəyə qarşı ərazi iddialarının geri götürülməsinə dair mesajları hökumət daxilində ixtilaflara yol açıb. Bu məsələdə əsas fiqur kimi isə Armen Qriqoryan özünü qabağa verir. Qarabağ ermənisi olduğunu gizlədən Armen Qriqoryan Qərb tərəfindən “Vətəndaş müqaviləsi” üzvləri arasında əsas fiqur olaraq seçilib. Hətta qərbdəki bəzi dairələr onu Nikol Paşinyanın varisi hesab edir.
“Hraparak” nəşri yazır ki, əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, müqavilə imzalamaqdan imtina etsə və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman onun planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə həyata keçirəcək Qriqoryanın əvəzlənməsi istisna edilmir.
Nəşrin iddiasına görə, bu barədə hakim partiyanın komandadaxili müzakirələrində də gizli söhbətlər gedir. İddia olunur ki, artıq Paşinyan özü də bu ssenarinin ciddiliyindən xəbərdardır və Qərbin Qriqoryanı onun yerinə hazırladığı barədə deyilənləri qəbul edir. Hətta Armen Qriqoryanın Qərblə onun siyasi komandasının iradəsindən kənar, yəni müstəqil oyunçu kimi çıxış etməsindən narahat olduğunu gizlətmir.
Yayılan məlumatlarda Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyən Qərbin onun yerinə namizəd kimi Armen Qriqoryanı seçməsinin də təsadüfi olmadığı deyilir. Bildirilir ki, bu məsələ Qriqoryanın Qarabağ erməni olması da mühüm rol oynayır. Halbuki o, hazırkı komandası daxilində "Qarabağ əsilli" olmasını gizlətməyə çalışır. Onun Qərbdəki rəsmi dairələrlə münasibətlərinin üst səviyyəyə qalxmasının arxasında nüfuzlu disapor nümayəndələri dayanıb.
Xatırladaq ki, son günlər Baş nazir Nikol Paşinyanla partiyadaşları arasında olan münasibət getdikcə gərginləşib. İddialara görə, Xarici İşlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Baş nazirin son çıxışlarına münasibəti birmənalı olmayıb. Erməni mətbuatı hakim partiyadakı mənbələrinə istinadən yazır ki, Paşinyanın konstitusiya ilə bağlı çıxışları komandasında fikir ayrılığı yaradıb.
Elxan SALAHOV