"Rusiyanın özünün silaha ehtiyacı olduğu halda Ermənistana “Smerç” raketləri göndərməsi təsadüfi deyil. Bu, ənənəvi xarakter almış məsələdir".
"Vətən səsi" xəbər verir ki, bunu Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, Ermənistan uzun müddətdir ki, Rusiya tərəfindən silah-sursatla təmin edilir və bu təminat iki ölkə arasında olan hərbi müttəfiqliyə əsaslanır: “İkinci Qarabağ müharibəsi dövründə Rusiyanın işə qarışmaması Türkiyə faktoru ilə bağlı idi. Türkiyə "Üçüncü tərəf qatılsa, biz də savaşda yer alacağıq" - mesajı vermişdi. Türkiyədən çəkindiyinə görə, Rusiya Ermənistana müharibədə kömək edə bilmədi”.
Asim Mollazadə Rusiyanın indi də Ermənistanı silahlandırdığını bildirib. Üstəlik hazırda Ermənistan sərhədləri Rusiya tərəfindən qorunur. Rusiyanın kənarda ən böyük hərbi bazasının məhz Ermənistanda yerləşdiyini deyən deputatın sözlərinə görə, hazırda hərbi borclanma səbəbindən bu ölkənin iqtisadiyyatı, energetikası, nəqliyyat və telekommunikasiya sahələri Moskvanın əlində cəmləşib: "Əslində Paşinyan hökumətinin guya qərbyönlü siyasət yeritməsi sadəcə görüntüdü. Ermənilər bu cür oyun oynamaqla Avropaya və ABŞ-a yaxınlıq təklif edilir, Moskvaya isə "sizdən uzaqlaşmamışıq" mesajı verir. Bu Ermənistanın hamıdan dəstək almaq niyyəti ilə bağlıdır. Elə bu oyunlar Ermənistanı ağır vəziyyətə salıb. Yeganə çıxış yolu Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoyaraq, qonşuları ilə normal münasibətlər qurmaqdan keçir”.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, 44 günlük müharibədən sonra İrəvan-Moskva münasibətlərinin soyumasına baxmayaraq, Rusiya Ermənistanın simasında Cənubi Qafqazdakı yeganə forpostundan imtina edtməyəcək. Onun fikrincə, İran üzərindən Ermənistana gizli şəkildə silah daşınması da eyni məqsədə xidmət edir: “İrandan Ermənistana daşınan hərbi texnikalarnın hansı dövlətə məxsus olduğu müzakirə edilir. Əminəm ki, gizlətməyə çalışdıqları həmin hərbi texnikalar Rusiyaya məxsusdur. Bunun təsdiqi bu gün gəldi. Ermənistan Müdafiə Nazirliyindən yerli mediaya bildirilib ki, Rusiya şirkətləri ilə silah sektorunda problemli məsələlər əsasən həll olunub. Rusiyadan Ermənistana tədarük edilən silahlar arasında uzaq hədəfləri vurmaq qabiliyyətinə malik “Smerç”lər də var. Deməli, Rusiya Ukraynada işğalçı müharibəni davam etdirərkən, o cümlədən İran və Şimali Koreyadan dron və raket almaq məcburiyyətində qalarkən, Ermənistana silah tədarükü həyata keçirib. Paşinyanlar gəldi-gedərdilər, amma Rusiya Ermənistanın simasında Cənubi Qafqazdakı yeganə forpostundan imtina edən deyil”.
Elxan SALAHOV