Ölkəmizin Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanovun müəllifi olduğu məqalədə azadlıq arzusu ilə ayağa qalxmış Azərbaycan xalqının səsini totalitar sovet rejiminin qəddarca boğmağa çalışmasından, Nobel mükafatı “laureatı” Mixail Qorbaçovun göstərişi ilə Azərbaycana yeridilmiş hərbi birləşmələrin törətdiyi cinayətlərdən, insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin kobud şəkildə pozmasından danışılır. Bildirilib ki, sovet ordusunun Bakıda törətdiyi qırğın nəticəsində 147 nəfər qətlə yetirilib, yüzlərlə insan yaralanıb və qanunsuz həbs edilib, itkin düşənlər olub.
Məqalədə qeyd edilib ki, totalitar sovet rejiminin bu faciəni gizlətməyə çalışdığı vaxtda Ümummilli Lider Heydər Əliyev Moskvada mətbuat konfransı keçirərək qəddar rejim rəhbərliyini sərt şəkildə tənqid edib. Daha sonra Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisdə 20 Yanvar faciəsinə siyasi qiymət verilib.
Müəllif yazır ki, 1987-ci ildə Sovet hakimiyyətində yeganə yüksək vəzifəli müsəlman olan Heydər Əliyevin hakimiyyətdən getməyə məcbur edilməsindən sonra Cənubi Qafqazda Moskvanın qanlı planları həyata keçirildi. Ermənistanın cəsarətləndirilməsi, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi xülyası, 1988-ci ildə Sovet xüsusi xidmət orqanlarının qanlı Sumqayıt əməliyyatı və Bakıdakı 20 Yanvar qırğını bu qanlı planlardan yalnız bir neçəsi idi. Bütün bunlar ona görə mümkün olmuşdu ki, Heydər Əliyev artıq sovet hakimiyyətində deyildi. (AZƏRTAC)