Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat vurğulayıb ki, müsahibəsində ötən 20 il ərzindəki fəaliyyətini dəyərləndirən Prezident İlham Əliyev müstəqil tariximizin ən həlledici məqamının məhz 2003-cü il olduğunu qeyd etdi. Dedi ki, çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.
Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Ötən 20 il ərzində ölkəmiz qarşısında dayanan bütün hədəflərə çatıb. Siyasi-iqtisadi baxımdan güclənən Azərbaycan ordu potensialını artıraraq dünyanın ən güclü ordularından birini yaratmağa nail olub. Hədəf ərazi bütövlüyü təmin olunmuş güclü Azərbaycan idi. Prezident İlham Əliyev 20 illik hakimiyyətinin 17 ilini bu hədəfə çatmaq üçün görülən işlərə həsr etdi. Nəhayət 2020-ci ildə ölkəmiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə tarixi Zəfər qazandı. Ötən ilin sentyabrında isə suverenliyimiz bütün ölkə ərazisində tam bərpa edildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq.
Milli Məclisin deputatı qeyd edib ki, ölkəmizin qarşısında dayanan bütün vəzifələr yerinə yetirilib və artıq yeni mərhələ, yeni dövr, yeni missiya başlayır. Bu baxımdan fevralın 7-də keçiriləcək prezident seçkiləri mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində prezident seçkilərinin keçirilməsini şərtləndirən əsas amilləri diqqətə çatdırdı. Birinci səbəb kimi suverenliyimizin tam bərpası vurğulandı. Dövlətimizin başçısı bildirdi ki, sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. İkinci səbəb müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Digər mühüm məqam İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ilinin tamamlanmasıdır. Beləliklə, yeni dövr başlayır və dövlətimizin başçısının vurğuladığı kimi, prezident seçkiləri bu yeni dövrə xeyir-dua verəcək.
Prezidentin müsahibəsində Ermənistanla aparılan sülh danışıqlarının hazırkı vəziyyətinə, Zəngəzur dəhlizi ilə bağlı məqamlara da toxunduğunu diqqətə çatdıran deputat bildirib: “Ötən ilinin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, separatizm dəftərini birdəfəlik bağladı. Bu isə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərait yaradır. Azərbaycan yenə də ədalətli, haqlı tərəf kimi beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh müqaviləsini imzalamağa hazırdır. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi, havadarlarının dəstəyi ilə ortaya qoyduğu ədalətsiz yanaşma müqavilənin imzalanmasına imkan vermir. Eyni mövqeni Zəngəzur dəhlizi ilə bağlı məsələdə də görürük. Siyasi manipulyasiyalarla məşğul olan Ermənistan anlamalıdır ki, bu, onun üçtərəfli Bəyanata əsasən öhdəliyidir və Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”, - deyən A.Vəliyev fikirlərini ümumiləşdirərək vurğulayıb ki, ötən il 20 ildə qarşıya qoyulan bütün hədəflərə nail olan Azərbaycan bundan sonra daha da qüdrətlənərək yeni zəfərlərə doğru inamla addımlayacaq. (AZERTAC)