22.11.2024, 21:15
AZ EN
11.01.2024, 15:57 310

8 kəndin qaytarılması bu ay müzakirə olunacaq

XƏBƏRLƏR

"Bu gün işğal altında qalan 8 kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır".

"Vətən səsi" xəbər verir ki, bunu prezidenti İlham Əliyev dünən yerli televiziya kanallarına müsahibəsi zamanı bildirib. Dövlət başçısı deyib ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə məşul olan komissiyaların bu ay keçiriləcək növbəti görüşündə mövzulardan biri anklav kəndlərlə bağlı olacaq: "Bildiyiniz kimi, Qazax-Tovuz bölgəsində anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin 4 kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir".

Prezident İlham Əliyev vurğulayıb ki, bütün anklavlar qaytarılmalıdır. Həmçinin həmin kəndlərə gedən yollarda şərait olmalı və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir: "Yəni, bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik. Sadəcə olaraq bildirmək istəyirəm ki, nə deyirlər. Deyirlər ki, tərəflər güzgü şəklində geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələ ilə bağlı sualı hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım vermişdi. Yadınızdadır, o vaxt sərhəddə müəyyən dəqiqləşmə aparılmışdı və bir telefon zəngi əsnasında dedilər ki, xahiş edirik, siz qayıdasınız. Deyirəm, haraya qayıdaq? Deyirlər ki, haradan gəlmisiniz oraya. Deyirəm, biz Bakıdan gəlmişik, Bakaya qayıdaq? Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Ona görə biz oraya Bakıdan gəlmişik, biz orada olmamışıq. Ona görə haraya qayıdaq? Deyin haraya qayıdaq, qayıdaq. Bax, mənim o sualıma cavab olmadı".

Dövlət başçısı daha sonra əlavə edib: "Biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir. Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir. Yenə də qeyd etmək istəyirəm və hesab edirəm ki, komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək".

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov da 2023-cü ilin yekunlarına dair mətbuat konfransında Ermənistan işğalında qalan 8 kənddən (Kərki kəndi və Qazaxın 7 kəndi) 4-nün anklav olmadığını və onların (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) delimitasiya çərçivəsində Azərbaycana qaytarıla biləcəyini söyləmişdi. İkinci mərhələdə isə anklav sayılan Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunmalıdır.

1992-ci ildə Ermənistan ordusu Qazax rayonuna daxil olan 7, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun isə 1 kəndini işğal edib. Həmin kəndlərin ərazisi aşağıdakı kimidir:
Yuxarı Əskipara - 8.6 kv. km,
Aşağı Əskipara - 9.1 kv. km,
Baganıs Ayrım - 40 kv. km,
Barxudarlı - 10.1 kv. km,
Sofulu - 22 kv. km,
Qızılhacılı - 11 kv. km,
Xeyrimli  - 4.1 kv. km.
Kərki (Naxçıvan MR) - 19.2 kv. km.

Elxan SALAHOV

Oxşar xəbərlər