22.11.2024, 03:05
AZ EN
12.12.2023, 16:03 282

İqor Korotçenko: Azərbaycanın dirçəlişi Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır

XƏBƏRLƏR
  • Azərbaycanın dirçəlişi Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır.

Bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

"Məlum olduğu kimi, SSRİ dağıldıqdan və müstəqil Azərbaycan dövləti yarandıqdan sonra gənc dövlət çox mürəkkəb şəraitdə idi. Birincisi, Azərbaycan öz müstəqilliyini əldə etdiyi ilk illərdə hakimiyyət uğrunda silahlı mübarizə gedirdi. Məhz bu, həmçinin, qeyri-sabitlik dövlətçiliyə zərbə vurdu. Ölkədə formalaşmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq faktları milli və mülki qarşıdurmanın kəskinləşməsi və ozamankı hakimiyyətin tam tutarsızlığı ilə nəticələndi. 1993-cü ilin yayında Azərbaycan böhran vəziyyətində və faktiki olaraq dünyanın siyasi xəritəsindən silinmək həddində idi", - deyə o qeyd edib.

Onun sözlərinə görə, məhz bu mürəkkəb şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb edib.

"15 iyun 1993-cü ildə o, Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Nəhayət, 3 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi, bundan sonra ən aktual və birinci dərəcəli məsələlərin həlli ilə fəal şəkildə məşğul olmağa başladı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra respublikanın müxtəlif bölgələrində fəallaşmış destruktiv qüvvələri zərərsizləşdirdi və vətəndaş müharibəsinin qarşısını aldı", - İqor Korotçenko deyib.

Korotçenko Azərbaycanın dövlətçiliyi, müstəqilliyi və ərazi bütövlüyünə qəsd etmək istəyən bütün elementlərin cəmiyyətdən təcrid olunduğunu qeyd edib.

"Nəhayət, 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs əldə olundu ki, bu da Azərbaycanın öz qüvvələrini birinci dərəcəli məsələlərin həllinə cəmləşdirməsinə imkan verdi. Bu, mühüm dərəcədə bir sıra böyük müqavilələrin, o cümlədən, "Əsrin Müqaviləsi"nin icrasına imkan verdi. Lakin bütünlükdə deyə bilərik ki, Heydər Əliyevin Azərbaycanın idarəçiliyinə qayıtması ilə ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, eləcə də, beynəlxalq əlaqələrin genişlənməsində dönüş nöqtəsi başladı.

1994-cü ilin sentyabr ayında ilk neft müqaviləsi imzalandı. Müqavilənin icrası Heydər Əliyev tərəfindən işlənilmişdi və indiyədək Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən, düşünülmüş və səmərəli neft strategiyasının nümunəsidir. Artıq sonralar bu sazişlər, o cümlədən, Azərbaycandan Cənub Qaz Dəhlizi ilə bir sıra ölkələrə mavi yanacağın tədarükü üzrə qaz sazişləri ilə genişləndi", - deyə o qeyd edib.

Korotçenkonun sözlərinə görə, iqtisadi islahatlar, bazar iqtisadiyyatının təsdiqlənməsi, iqtisadi inkişafın təmin olunması, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, aqrar islahatlar proqramının icrası Heydər Əliyevin fəaliyyətində ardıcıl prioritet sahələri təşkil edirdi.

"Qeyd etmək lazımdır ki, o, iqtisadiyyatın, silahlı qüvvələrin təməlini qoydu, siyasi sistemin əsasını formalaşdırdı, ən əsası, Azərbaycanı inkişaf kursuna yönləndirdi və bu kurs onun oğlu, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək təkmilləşdirildi. Prezident İlham Əliyev atasının siyasi vəsiyyətini yerinə yetirdi - ermənilərin işğal etdiyi torpaqları geri qaytararaq, ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi", - o deyib.

İqor Korotçenko bu ərazilərin üzərində yenidən Azərbaycan bayrağının dalğalandığını əlavə edib.

"Heydər Əliyevin liderlik tərzi və siyasi mədəniyyətə təsirinin formalaşmasında əks olunan şəxsiyyət xüsusiyyətlərinə gəlincə, bu ilk növbədə, əlbəttə ki, böyük intellekt, böyük həyat və siyasət təcrübəsi, deyərdim ki, siyasi müdriklik, strateji hədəf müəyyən etmə idi, ən əsası isə, o beynəlxalq siyasəti necə yeritməyi çox gözəl bilirdi. Bu planda biz Rusiya və Azərbaycan arasında mənbəyini, şübhəsiz ki, Azərbaycanda millətlərarası qarşıdurmaların davam etməsinə imkan verməyən Heydər Əliyevdən götürən ənənəvi dostluq əlaqələrini müşahidə edirik. Rus dilinin statusu ən yüksək səviyyədə təsdiqləndi, rus mədəniyyəti, rus icması rəsmi Bakı tərəfindən himayə və dəstək gördü və bu belə də davam edir. Əlbəttə ki, bu gün Heydər Əliyevin xatirəsindən danışanda onun həyat yolunu xatırlayırıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Heydər Əliyev SSRİ-nin inkişafına böyük töhfə verib.

"Biz Heydər Əliyevi elm və mədəniyyətin hamisi kimi tanıyırıq, bu gün Baykal-Amur magistralı (BAM), Rusiyada bir sıra digər strateji infrastruktur layihələr onun sayəsində fəaliyyət göstərir. Azərbaycanın dirçəlişi və Azərbaycanla Rusiya arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi onun adı ilə bağlıdır. Bu səbəbdən, əlbəttə ki, Heydər Əliyev beynəlxalq miqyaslı şəxsiyyətdir. O, özündən sonra çox sayda nailiyyətlər qoymuş siyasətçidir.

Bu gün bir sıra ölkə və şəhərlərdə onun adına ucaldılan abidələr dünya xalqlarının Azərbaycan xalqının görkəmli oğlu və şübhəsiz, adı müasir tarixə əbədi həkk olunmuş siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsinə bəslədiyi dərin hörmətdən xəbər verir", - deyə İqor Korotçenko sonda deyib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR