Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan tərəfindən hərbi qulluqçumuza verilmiş qanunsuz cəzanın daha da sərtləşdirilməsinə münasibətində deyib.
“Tərəfimizdən bu məsələ ilə əlaqədar dəfələrlə müraciətlər olunsa da, Ermənistan hələ də beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda, Ermənistanın bu təxribatyönümlü addımı iki ölkə arasında sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində görülən işlərə də ciddi maneə yaradır.
Bir daha bildirirəm ki, Ermənistan tərəfi qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovu, həmçinin hərbçimiz Aqşin Bəbirovu dərhal azad etməli, onların ölkəmizə geri qaytarılması üçün zəruri addımlar atmalıdır. Yekunda qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha aidiyyəti beynəlxalq təşkilatlar, xarici ombudsman və milli insan hüquqları institutlarından Azərbaycan Ordusunun hərbi qulluqçularının azad edilməsi istiqamətində təsirli tədbirlərin görülməsini tələb edirəm”, - deyə Ombudsman bildirib. (APA)