Bu sözləri Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, 2018-ci ildə Qərbin dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan Ermənistanın Rusiyadan asılılığını bilirdi, ona görə də ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) və Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunmasını davam etdirirdi. Həm də Ermənistanın sərhədləri Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən qorunur və N.Paşinyan ölkəsində rəsmi Moskvanın hərbi bazalarını da saxlamaqda maraqlıdır.
Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət Ermənistanın himayədarlarını müharibə dövründə açıq şəkildə ona dəstək verməkdən çəkindirdi. Beləliklə, Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad etməklə yanaşı, Qarabağda erməni separatizminin də kökünü kəsdi.
Ermənistanın tarixi boyu kimlərinsə çətiri altında yaşamağa öyrəşdiyini deyən A.Badamov, həmçinin bildirib: “İkinci Qarabağ müharibəsində acı məğlubiyyətə uğrayan Ermənistan Rusiyanı və KTMT-ni ittiham etməyə başladı. Əslində, N.Paşinyan hakimiyyətə gələndə Qərb onun qarşısında Ermənistanı Rusiyadan uzaqlaşdırmaq kimi bir öhdəlik qoymuşdu. Müharibədə məğlub olması Nikol Paşinyanın əl-qolunu açdı və o, açıq şəkildə anti-Rusiya siyasəti yürütməyə başladı. Ermənistan Prezidenti bu gün Rusiyanın Ukrayna müharibəsində zəiflədiyini hesab edir, ona görə də daha güclü dəstək və dost axtarışına çıxıb. Bu baxımdan rəsmi İrəvan artıq MDB-nin və KTMT-nin toplantılarına qatılmır, müxtəlif bəhanələrlə təşkilatlardan uzaqlaşmağa çalışır. Amma N.Paşinyan çox hiyləgərdir və qəti şəkildə Rusiyadan ayrılmır. Çünki bilir ki, Ermənistanın iqtisadiyyatı Rusiyadan asılıdır. Belə ki, İrəvan Moskva ilə bütün əlaqələrini kəsərsə, qısa zaman kəsiyində iqtisadi tənəzzüllə qarşılaşacaq. Bu da Ermənistana sərf etmir. Ona görə də rəsmi İrəvan Qərbə yaxınlaşmanı tədricən həyata keçirir. Qərb isə Ermənistana şirin vədlər verir. O cümlədən Azərbaycana qarşı saxta etnik təmizləmə və digər ittihamlar uyduraraq maliyyə və hərbi yardımlar verir. Həm də Azərbaycanla sülh danışıqlarında Qərb Ermənistana üstünlük qazandırmağa çalışır, təbii ki, bu, mümkün deyil. Bu baxımdan dövlətimizin başçısı Qranada, Brüssel və Vaşinqton platformalarında iştirakdan imtina etməklə Qərbin cavabını verdi”.
Bu gün Ermənistan hakimiyyətinin Qərbdən yardımlar ala bildiyi üçün region ölkələrindən uzaqlaşmağa çalışdığını xatırladan A.Badamov bildirib ki, çünki Ermənistanın heç vaxt müstəqil siyasəti olmayıb və bu dövlət həmişə xarici sponsorları tərəfindən idarə edilib. N.Paşinyan hakimiyyəti ona görə də sülh müqaviləsinin imzalanmasını uzatmaqda davam edir. Ermənistan Prezidenti və hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasının 15 gündə baş tuta biləcəyindən danışır, əməldə isə buna zidd davranışlar sərgiləyir. Nə qədər ki, Ermənistan özünə yeni himayədarlar axtaracaq, regiona heç vaxt sülh gəlməyəcək. Bu gün Ermənistana dəstək verənlərin öz maraqları var. Buna görə də həmin dairələr Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Əslində, sülh müqaviləsinin imzalanması üçün hər hansı problemli məsələ mövcud deyil. Sadəcə, N.Paşinyan bilir ki, Azərbaycanla sülh müqaviləsi imzalanarsa, Qərbin yardımlarından məhrum ola bilər, bu da Ermənistan üçün hazırkı şəraitdə arzulanmayan gedişatdır.
O əlavə edib ki, Azərbaycan qalib dövlət kimi hərbi gücünü ilbəil artırır. O cümlədən İrandan keçən və Azərbaycanı Naxçıvanla birləşdirəcək yol üzərində işləyir. Azərbaycan dövləti Ermənistansız da yeni əməkdaşlıq qovşağını yaradacaq. Azərbaycan sülh tərəfdarı kimi üç il əvvəl müharibənin başa çatdığını elan edərək Ermənistana əlaqələrin bərpası üçün öz təkliflərini göndərib. İrəvanın sülh istəməməsi onun üçün yaxşı gələcək vəd etmir. Bu, hamıdan çox onların öz gələcəyi üçün vacibdir. Azərbaycan isə Ermənistansız da yeni əməkdaşlıq formatları yaradacaq və regionun beynəlxalq əhəmiyyətinin artırılması istiqamətində atdığı addımları davam etdirəcək. Uduzan tərəf isə yenə də Ermənistan olacaq. (AZƏRTAC)