22.11.2024, 10:20
AZ EN
20.06.2022, 14:45 735

Ülvi Quliyev: “Sivil dünya artıq ölkəmizi siyasi dialoq mərkəzi olaraq dəyərləndirir”

XƏBƏRLƏR
  • Bəzi dövlətlər başqalarının ərazi bütövlüyünü pozan davranışlarını tarixi prizmadan əsaslandırmağa və ona süni arqumentlərlə hüquqi don geyindirməyə çalışsalar da, əsaslandırmaları heç də inandırıcı görünmür. Çünki həqiqətə söykənmir. Otuz il ərzində ərazisinin 20 faizi işğal altında qalan Azərbaycan üçün də belə əsaslandırmalar qəbuledilməzdir. Bu sözləri Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Millət vəkili daha sonra vurğulayıb ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycana edilən rəsmi səfərlərin intensivliyi, Bakıda və Şuşada keçirilən beynəlxalq səviyyəli tədbirlər sübut edir ki, sivil dünya artıq ölkəmizi siyasi dialoq mərkəzi olaraq dəyərləndirir. Çünki Azərbaycan hakimiyyəti qərar və addımlarında  mütərəqqi dünyanın bölüşdüyü beynəlxalq hüquq normalarına və ədalətə söykənir. Rəsmi Bakı yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünya birliyinə həm də bu mesajı verir ki, Azərbaycan iqtidarı təkcə ölkəmizi deyil, bütövlükdə Qafqazı iqtisadi və siyasi  əməkdaşlıq məkanı qismində görür və bu prosesdə həlledici söz sahiblərindəndir. 

Azərbaycan hakimiyyətinin beynəlxalq hüquq normaları əsasında  irəli sürdüyü  5 təməl prinsipi ilə razılaşdığını Ermənistan sözdə bəyan etsə də, əməlləri bunu təkzib edir. Dövlətimizin başçısı, elə bu səbəbdən, xüsusi olaraq bunları qeyd etdi: “Çünki işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik”. 

Prezidentimiz növbəti dəfə açıq mətnlə bəyan etdi ki, heç bir statusdan və artıq de-fakto tarixin arxivinə qovuşan, təşəkkür sözünü belə haqq etməyən həmsədrlər institutunun bərpasından söhbət gedə bilməz. Əks təqdirdə, Ermənistanın beynəlxalq hüquqa, tarixi ədalətə və yeni reallıqlara zidd olan təşəbbüsləri ölkəmizə qarşı əsassız ərazi iddiası kimi dəyərləndiriləcək. Dövlətimizin başçısı bu cür sərsəm təşəbbüslərin Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini də bildirdi: “Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?” 

Şübhəsiz ki, Prezident İlham Əliyevin bəyanatlarını Ermənistan hakimiyyəti ilə yanaşı, erməni lobbi təşkilatları və tarixən Ermənistana hamilik edənlər də diqqətlə izləyir. İzlədikcə açıq-aydın şəkildə onu da görürlər ki, Azərbaycan Prezidentinin mövqeyi həqiqətə və hüquqa söykəndiyi üçün, daha çox ölkələr tərəfindən qəbul olunur.Ermənistan cəmiyyəti bunu da müşahidə edir ki, Azərbaycan Prezidenti beynəlxalq leksikondan Dağlıq Qarabağ və Minsk qrupu vasitəçiləri ifadələrinin çıxarılmasına nail olduğu kimi, bu leksikona Zəngəzur, eləcə də Şərqi Zəngəzurla yanaşı, Qərbi Zəngəzur ifadələrini daxil etməklə diplomatik uğur qazanmaqdadır. Ermənistan rəhbərliyi və erməni cəmiyyəti bütün bunları görə-görə adekvat nəticələr çıxarmırsa və ya çıxarmayacaqsa, uduzan tərəf yenə də Ermənistan olacaq. 

Ona görə də Ermənistan rəhbərliyi birdəfəlik bilməlidir ki, üçtərəfli Bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə və Brüssel razılaşmalarına əməl etmədikcə, Zəngəzur dəhlizi açılmayınca, heç kim onun müstəqil söz sahibi və guya sülh tərəfdarı olduğuna inanmayacaq. Dövlətimizin başçısı bu reallıqdan çıxış edərək Ermənistan hakimiyyətinə xəbərdarlıq etdi: “ Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular... Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR