23.12.2024, 22:15
AZ EN
17.11.2023, 12:50 299

ABŞ-ın Azərbaycana qarşı "erməni kartı": KİM UDUZACAQ?

XƏBƏRLƏR

"ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələr erməni lobbisinin “əl işi” olsa da, Vaşinqtonun Cənubi Qafqaz siyasətinin bir hissəsidir".

"Vətən səsi" xəbər verir ki, bunu siyasi təhlilçi Asif Nərimanlı rəsmi Bakının noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməli olan görüşdən imtina etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ABŞ və Avropanın bəzi ölkələri Azərbaycana siyasi təzyiqləri artıraraq rəsmi Bakını Ermənistanla sülh danışıqlarını Qərb masasında aparmağa məcbur etməyə çalışırlar. Onun fikrincə, bu yanaşma Vaşinqtonu Parisin taleyi ilə üz-üzə qoya bilər.

Ekspert ABŞ-da Azərbaycan əleyhinə dinləmələri “Dağlıq Qarabağın gələcəyi” adının verilməsi tamamilə bitmiş və perspektivi olmayan “Qarabağ münaqişəsi”ni gündəmdə saxlamaq, erməni separatizmini körükləmək cəhdi kimi dəyərləndirir. Lakin onun fikrincə, Azərbaycan nəyin bahasına olursa-olsun, bunu qəbul etməyəcək: "Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdikdə sonra Paris faktiki oyundan kənarda qaldı və bunu heç bir təzyiq dəyişdirə bilmədi. Vaşinqton da oyundan kənarda qalarsa, təzyiqlə nəyəsə nail ola bilməyəcək".

Siyasi təhlilçi bildirib ki, Qarabağda erməni separatizmi tamamilə ləğv edilib və bundan sonra Ermənistanla sülh müqaviləsi imzalanmasa belə, Azərbaycanın itirəcəyi heç nə yoxdur: "Bundan sonra sülh müqaviləsi imzalanmasa belə, Azərbaycan itirən tərəf olmayacaq və bu, Bakıya istəmədiyi masada danışıqlardan imtina etmək imkanı yaradır, əksinə, hansı masada danışıqlara razı olarsa, həmin tərəfi ön plana çıxara biləcək. Yəni, Azərbaycan noyabrın 20-də keçirilməsi nəzərdə tutulan Vaşinqton görüşündən imtina edib. Bu imtinada itirən tərəf Bakı deyil".


Xatırladaq ki, ABŞ Senatı iki gün əvvəl “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

ABŞ Senatının bu ədalətsiz qərarından sonra rəsmi Bakı noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməli olan görüşdən imtina edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı dünən yaydığı bəyanatda deyilir: "ABŞ-ın birtərəfli yanaşması Vaşinqtonun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir".

Nazirliyin ABŞ dövlət katibinin köməkçisi Ceyms O-Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində bildirilir ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub: "Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır".

Elxan SALAHOV

Oxşar xəbərlər