02.07.2022, 18:21
AZ EN
17.06.2022, 12:35 348

Azərbaycan qaçqın, məcburi köçkün problemini təkbaşına həll edir

XƏBƏRLƏR
  • Məlumdur ki, 4 dekabr 2000-ci il tarixdə BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə ilə hər il iyun ayının 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsi qərara alındı.

Əslində, bu, utancverici bir faktın – insanın insana qarşı insanlığa sığmayan davranışının etirafı idi. Və bu faktın etirafı Birləşmiş Millətlər Təşkilatının özünün bu utancverici fakt qarşısında acizliyinin növbəti təsdiqi idi.

BMT 20 iyunu didərgin və yurd-yuvasından məhrum olmuş insanların həmrəyliyi günü kimi qeyd etməyi qərara almaq əvəzinə, qaçqınlığın və köçkünlüyün qarşısını almaq üçün təsirli addımlar atmaq barədə qərarlar qəbul edə bilməzdimi? Əlbəttə, edə bilərdi, amma etməzdi! Çünki insanları bu fəlakətlərə sürükləyənlər elə o qərarı qəbul edən böyük dövlətlər idi. Onlar öz əməllərini dayandırmaq barədə yox, əməllərinin nəticələri ilə hesablaşmaq barədə qərar qəbul edirdilər. Və biz bu gün onların qəbul etdiyi o qərara boyun əyərək Ümumdünya Qaçqınlar Gününün ildönümünü qeyd edirik.

Məsələ təkcə bununla bitmir. BMT-ni özünün ikili standartlar pavilyonuna çevirən böyük güclər bu məsələdə də zaman-zaman öz qeyri-səmimiliklərini nümayiş etdirməkdədirlər. Məsələn, dünyanın gözü qarşısında 1988-1991-ci illərdə Qərbi Azərbaycandan – indiki Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından yüz minlərlə dinc azərbaycanlı əhali ermənilər tərəfindən vəhşicəsinə qovuldu. Yüzlərlə insan qəddarlıqla qətlə yetirildi, şikəst edildi, evləri, mal-mülkləri zorakılıqla əllərindən alındı. Dünya isə buna susdu. Həmin qaçqınlar heç BMT-nin qaçqınlar siyahısına da daxil edilmədi. Çünki bu vəhşiliyə məruz qalan müsəlman azərbaycanlılar, bu vəhşiliyi törədənlər isə xristian ermənilər idi. Eyni mənzərəni biz müsəlman suriyalılara münasibətlə ukraynalılara münasibətdə də gördük.

Əlbəttə, biz heç kəsin yurd-yuvasından didərgin düşməsini istəmirik. Eyni faciəyə məruz qalmış insanlara fərqli münasibət sərgilənməsini isə heç istəmirik.

Hələ bir neçə il bundan əvvəl dünyada qaçqınların sayı 60 milyonu keçmişdi və bu, dünya üzrə hər 113 nəfərdən birinin qaçqın olması demək idi. Halbuki 30 il ərzində Azərbaycan ərazisinin beşdən biri işğal altında olduğu kimi, əhalisinin də təxminən beşdən biri qaçqın, köçkün vəziyyətində idi. Yəni Azərbaycan üzrə hər beş nəfərdən biri qaçqın idi. Bu baxımdan, Azərbaycan çox ağır bir dövr yaşadı. Yenə də dünya seyrçi mövqedə dayandı. Azərbaycan qaçqın-məcburi köçkün problemini təkbaşına həll etmək məcburiyyətində qaldı, 2003-2007-ci illərdə, dörd il ərzində Azərbaycan 12 məcburi köçkün düşərgəsini ləğv etdi və köçkünlərimiz yeni tikilən 100-dən artıq rahat qəsəbələrdə müvəqqəti yerləşdirildi. Bu işdə cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd etməmək olmaz.

Nəhayət, 44 günlük şanlı Vətən Müharibəsində suveren ərazilərimiz 30 illik erməni işğalından azad edildi və məcburi köçkünlərimiz ata-baba ocaqlarına dönmək imkanı qazandılar.

İndi növbə Qərbi Azərbaycan qaçqınlarınındır. 1988-1991-ci illərdə indiki Ermənistanda aparılan etnik təmizləmə nəticəsində 300 minə yaxın soydaşımız doğma yurdlarından qovulublar və bu günə qədər də qaçqın həyatı, qaçqın taleyi yaşayırlar. İndi onların sayı 500 minə çatıb və haqlı olaraq öz hüquq­larının bərpasını tələb edirlər.

Dünya isə hələ də susur və bizə də, hər il olduğu kimi, 20 iyunu Ümumdünya Qaçqınlar Günü kimi qeyd etməyi məsləhət görürlər...

 

Əziz ƏLƏKBƏRLİ,

Milli Məclisin deputatı,

Qərbi Azərbaycan İcmasının sədri

Oxşar xəbərlər