Ermənistan hökumətinin KTMT-nin Minskdə keçiriləcək iclasını boykot etməsinə ilk dəfə olaraq rəsmi münasibət bildirilib.
“Vətən səsi” xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov İrəvanın belə bir qərarına təəsüsfləndiyini bildirib. Rusiya mətbuatının yaydığı məlumata görə, Peskov Moskva Ermənistanın həmin toplantıda iştirak etməyəcəyinə dair bəyanatlarının rəsmi mövqe olmadığına ümid edirdi: “Amma belə olmadı və görünür, qərar birinci şəxs tərəfindən verilib. Biz Ermənistanın KTMT-nin Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyinə təəssüflənirik”.
Peskov KTMT-nin iclasını boykot edən Ermənistanın baş nazirinə mesaj da verib. O, qeyd edib ki, KTMT çərçivəsində keçirilən görüşlər tərəfdaş ölkələri maraqlandıran məsələləri müqayisə etmək və fikir mübadiləsi aparmaq üçün yaxşı səbəb olsa da Paşinyan bu şansdan istifadə imkanını itirib: “Moskva başa düşür ki, hər bir hökumət və ya dövlət başçısının öz iş qrafiki və şəraiti ola bilər. KTMT aktual olaraq qalır və blok çərçivəsində təşkil olunan görüşlər bu qarşılıqlı fəaliyyət formatına olan tələbatı göstərir”.
Elxan SALAHOV