22.11.2024, 00:31
AZ EN
10.11.2023, 20:23 236

Üçtərəfli Bəyanatın icrası Ermənistan hakimiyyətinin deyil, dövlətinin siyasi öhdəliyidir

XƏBƏRLƏR
  • “Üç il öncə bu gün - 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın Qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi. 44 günlük Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası baxımından əlamətdar deyil. Bu, həm Azərbaycan, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər yaradan əhəmiyyətli geosiyasi amildir. Yeni geostrateji reallıqlar fonunda Cənubi Qafqazın geosiyasi gündəliyi isə ikivektorludur: birincisi, sülh və etimad quruculuğu, ikincisi isə üçtərəfli formatda yeni platformanın yaradılması məsələsi”.

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli söyləyib.

N.Qələndərli bildirib ki, üçtərəfli formatda yeni platforma dedikdə Cənubi Qafqazın 3 dövləti – Azərbaycan, Gürcüstan və Ermənistan arasında yeni əməkdaşlıq mexanizminin yaradılmasına dair müzakirələr nəzərdə tutulur: “Üç ölkənin işbirliyi ilə “Qafqazın Benilüksü”nü formalaşdırmaq mümkün ola bilər. Təbii ki, konstruktiv yanaşma, milli maraqlara və beynəlxalq hüquq normalarına uyğun mövqe ortaya qoyularsa. Azərbaycanın mövqeyi bəllidir. Gürcüstan da öz niyyətini ifadə edir. Ermənistan isə bildiyimiz kimidir. Bu ölkənin siyasi istablişmenti sanki geosiyasi təcrid vəziyyətindən zövq alır, iqtisadi tənəzzülü siyasi həzz kimi qəbul edir, daha bir konstruktiv təklif və təşəbbüsün əleyhinə çıxır”.

“Əslində, bu ideyanın reallığa çevrilməsi Cənubi Qafqazda sülhyaratma məsələsinin öz həllini tapmasından, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasından asılıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, “bizim mövqeyimiz birmənalıdır, açıqdır”. Moskvada, Brüsseldə, Praqada rəsmi Bakının konkret yanaşması qətiyyətlə ifadə olunub. Xarici ölkələrin nümayəndələri - rəsmilər, diplomatlar ölkəmizin rəyinin əsas - mövqeyinin həlledici olduğunu vurğulayırlar. İrəvan isə öz ampluasındadır. Nikol Paşinyan Avropanın siyasi mərkəzində, yaxud digər məkanlarda baş tutan diplomatik təmaslarda – üçtərəfli görüşlərdə “razıyıq” deyib İrəvana qayıtdıqdan sonra “narazılığını bildirir”. Qeyri-konstruktiv, üçtərəfli bəyanatlara və beynəlxalq hüquq normalarına zidd açıqlamalar verilir, öhdəliklər “unudulur”, şərtlər - razılaşmalar pozulur. Bu, həm rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərlə, həm də baş nazirin üçtərəfli görüşlər zamanı söylədikləri ilə üst-üstə düşmür. İrəvan nəzərə almalıdır ki, rəsmi Bakının mövqeyi (müharibə bitib, reallıqları heç kim dəyişdirə bilməz!) tam adekvat yanaşma kimi qəbul olunur. Eyni zamanda, iki dövlət məhz rəsmi Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönələn danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Başqa yol və “yol xəritəsi”, yaxud Ermənistanın əlavə şansı və alternativ imkanları yoxdur”, - deyə N.Qələndərli əlavə edib.

Şöbə müdiri vurğulayıb ki, Azərbaycanın lokal xarakterli antiterror tədbirləri ilə konstitusiya quruluşunu və suverenliyini tam təmin etməsi müasir dövlətçilik tariximizin ən möhtəşəm hadisəsidir: “Bir vaxtlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, bu məsələdən yayınmağa çalışan, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli - yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ toponiminin əvvəlinə yamaq edilmiş “Dağlıq” sözü var. Çünki BMT-nin 30 ilə yaxın kağız üzərində qalmış 4 qətnaməsinin icrasını 44 günlük Vətən müharibəsində təmin edən Azərbaycan 3 il sonra isə üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasına nail oldu. Yəni qanunsuz silahlı birləşmələrin, təxribat-terror qruplarının ərazilərimizdən çıxarılmasına, separatizmin məhvinə müvəffəq olduq. Bu reallıq təsdiqləyir ki, Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir”.

“Son vaxtlar Ermənistanın daxili siyasi kuluarlarında və bir sıra ermənipərəst informasiya resurslarında “ölkədə hakimiyyət dəyişikliyi olsa, yeni iqtidar üçtərəfli Bəyanatın icrasından imtina edəcək” kimi əsassız fikir səsləndirilir. Bu, bütün cəbhələrdə məğlubiyyətə uğramış Ermənistanın növbəti informasiya təxribatıdır. Doqquz bənddən ibarət bu Bəyanatın icrası Ermənistan hakimiyyətinin deyil, dövlətinin siyasi öhdəliyidir. Yəni bu, hakimiyyətdə hansı qüvvənin, - istər hazırkı iqtidarın, istərsə də revanşistlərin, keçmiş cinayətkar hərbi qruplaşmanın,- yer almasından asılı olmayaraq, dövlət qarşısında öhdəlikdir. Başqa sözlə, məğlub ölkənin baş naziri onlar üçün kapitulyasiya aktı olan bu sənədi hakimiyyət deyil, dövlət adından məsuliyyət daşıyaraq imzalayıb”, - deyən N.Qələndərli əlavə edib ki, olduqca mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, vəziyyətdən istifadə etməyə çalışanların planlarını pozaraq - niyyətlərini iflasa uğradaraq separatizmi aradan qaldırmaq, sadəcə olaraq, fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir. Hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün görülən işlər Azərbaycanın qarşısında yeni perspektivlər açır. (AZERTAC)

Oxşar xəbərlər