20.09.2024, 20:38
AZ EN
01.11.2023, 16:33 185

Ter-Petrosyan Ermənistanın indiki duruma düşəcəyini 12 il əvvəl proqnozlaşdırıbmış: "Günah bizdə olacaq”

XƏBƏRLƏR

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkəsinin Qarabağ məsələsində ağır məğlubiyyətə uğrayacağını və çıxılmaz duruma düşəcəyini hələ 12 il əvvəl - 2011-ci ildə proqnozlaşdırıbmış. Ermənistanın Qarabağda uğursuzluğa düçar olduğu, Rusiya ilə münasibətlərin düşmənçilik həddinə çatdığı və regionda təkləndiyi bir vəziyyətdə Petrosyanın 2011-ci ildə BBC-yə verdiyi müsahibədə söylədiyi fikirlər erməni mətbuatında yenidən tirajlanır.

"Vətən səsi" xəbər verir ki, Qarabağ münaqişəsinin ilk illərində tərəf kimi çıxış edən və Azərbaycan torpaqlarının 20 faizini 30 il ərzində işğal altında saxlayan Ermənistanın uğursuzluğa düçar ola biləcəyini sabiq prezident çəkinmədən söyləyib. Hələ o vaxt "Qarabağla bağlı fəlakət baş versə, günah bizdə olacaq” deyən Petrosyan müsahibəsində münaqişənin necə başladığına, erməni səmiyyətində bununla bağlı hansı yanaşmaların olduğuna aydınlıq gətirib: “Biz Qarabağ hərəkatına başlayanda bunun nəyə gətirib çıxaracağını təsəvvür eləmirdik. 1988-ci ildə bu prosesə başlayanda heç kim ağlına belə gətirmirdi ki, SSRİ dağılacaq. Biz sovet Konstitusiyası çərçivəsində məsələnin həllinə ümid edirdik”.

Ermənistanın sabiq prezidenti Qarabağ münaqişəsinin qızıdırılmasında Rusiyanın rolu olduğunu da açıq şəkildə BBC-nin əməkdaşına müsahibəsində deyibmiş: "Moskva qaldırılan məsələni müzakirə etmək əvəzinə münaqişəni qızışdırdı".

Ter-Petrosyan bildirib ki, Azərbaycan və Ermənistan 1997-ci ildə sülh sazişinə çox yaxın olub. Onun sözlərinə görə, o zaman bir sıra kompromislər hesabına münaqişəni həll etmək olardı: “Amma Qarabağ erməniləri buna razı olmadılar. Onlar hesab edirdilər ki, Azərbaycanın güzəştləri, bizə təklif olunan kompromislər çox azdır. Bu mövqedə olan Qarabağ erməniləri maksimalist mövqe ortaya qoydular. Onlar hesab edirdilər ki, Azərbaycanı bir az sıxıb daha çox pay almaq olar. Mənim komandamda da bu fikri dəstək verənlər var idi, onlar mənim münaqişənin həllinə xidmət edən komromis variantlarımı müdafiə etmədilər. Mən o zaman dedim ki, əgər daha yaxşı qərarınız varsa, mən buna mane ola bilmərəm”.

Jurnalistin “15-20 ildən sonra Ermənistanı necə görürsünüz? Azərbaycanla hərbi qarşıdurma ssenrasini mümkün sayırsınızmı?” sualına Ter-Petrosyanın cavabı belə olub : “Xeyr. Mən nikbinəm. Hesab edirəm ki, hər şey yaxşı olacaq. Bizdə bir problem var- nu gün Ermənistanda pis və doğru idarə olunmayan hakimiyyət mövcuddur. Bunu düzəldəndən sonra hər şey qaydasına düşəcək və Ermənistan normal ölkə olacaq. Azərbaycanla da, Türkiyə ilə də məsələlər həllini tapacaq. Əgər qarşıdakı illərdə Ermənistan fəlakətli vəziyyət qarşısında qalacaqsa bunun günahı yalnız bizim üzərimizdə olacaq”.

Xatırladaq ki, Levon Ter-Petrosyan əslən Suriya ermənisidir. O, 1945-ci ildə Suriyanın Hələb şəhərində anadan olub. Atası Akop Ter-Petrosyan Livan və Suriya kommunist partiyasının yaradıcılarından sayılırdı.

Levon Ter-Petrosyan 1970–1980-ci illərdə elmi fəaliyyətlə məşğul olub. 1988-ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü kimi "Erməni İctimai Hərəkatı"nın rəhbərliyinə gətirilib. Həmin ilin dekabrında "Qarabağ komitəsinin" digər üzvləri ilə birlikdə o da həbs edilib. Onlar kütləvi iğtişaşların təşkilində və milli ayrı-seçkiliyin təbliğində ittiham olunurdular. Lakin 1989-cu ilin mayında Ter-Petrosyan azadlığa buraxılır. Avqust ayında isə o, Ermənistan Ali Sovetinin deputatı, noyabrda "Erməni İctimai Hərəkatı"nın rəhbəri seçilir.

1990-cı ilin avqustunda Ter-Petrosyan Ermənistan Ali Sovetinin sədri vəzifəsini tutur. 1991-ci ildə Ermənistanın ilk prezidenti seçilən Suriya əsilli bu erməni 1996-cı ilin sentyabrında ikinci müddətə həmin vəzifəyə seçilir.

1998-ci ilin fevralında Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmış narazılığa görə baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyan tərəfindən istefa verməyə məcbur olunur. O, ATƏT-in Minsk qrupunun təklif etdiyi "Mərhələli həll" variantının Ermənistan üçün məqbul ola biləcəyini düşünürdü. Lakin əslən Qarabağdan olan güc nazirləri və baş nazir buna qarşı idilər.

Levon Ter-Petrosyan Ermənistan Respublikasının prezidenti vəzifəsindən istefa verdikdən sonra uzun müddət heç bir siyasi məsələyə qarışmayaraq elmi fəaliyyətlə məşğul olur.

Elxan SALAHOV

Oxşar xəbərlər