20.09.2024, 00:19
AZ EN
28.10.2023, 16:39 70

Kolumbiyada “Qarabağa həyat qayıdır: Nailiyyətlər və çağırışlar” mövzusunda təqdimat keçirilib

XƏBƏRLƏR
  • Kolumbiyanın nüfuzlu təhsil ocağı olan Santo Tomas Universitetində Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium çərçivəsində “Qarabağa həyat qayıdır: Nailiyyətlər və çağırışlar” mövzusunda təqdimat keçirilib. Azərbaycanın və Türkiyənin Kolumbiyadakı səfirliklərinin, o cümlədən Maarif Vəqfinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, akademik dairələrin nümayəndələri və tələbələr iştirak ediblər.

Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər ki, təqdimat zamanı Azərbaycanın dövlətçilik tarixinə qısa nəzər salınıb, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyi qeyd edilib. Bildirilib ki, 1991-ci ildə müstəqilliyinin bərpasından sonra müxtəlif sosial-iqtisadi problemlər, siyasi qarşıdurmalar və xüsusilə erməni işğalının ağır nəticələri ilə üzləşən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin zəkası, uzaqgörən daxili və xarici siyasəti nəticəsində bütün çətinlikləri dəf edərək, yeni inkişaf dövrünə qədəm qoyub, bu gün mühüm beynəlxalq nəqliyyat-enerji qovşağına çevrilib. Müasir Azərbaycan tarixinin Ulu Öndərin adı ilə bağlı olduğu və xalqımızın öz xilaskarının yüzillik yubileyini böyük ehtiram və təntənə ilə qeyd etdiyi, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu diqqətə çatdırılıb.

Təqdimatda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ağır fəsadları, törətdiyi ağlasığmaz vəhşiliklər və dağıntılar, beynəlxalq hüquqa və çağırışlara məhəl qoymaması, eləcə də 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin tarixi ədaləti bərpa edərək erməni işğalına son qoymasına geniş yer verilib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsini şərtləndirən səbəblər və onun nəticələri, bölgənin erməni sakinlərinin ölkəmizin konstitusiyası və qanunları əsasında reinteqrasiyası istiqamətində atılan addımlardan bəhs olunub.

Çıxışda azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib, Azərbaycan Hökumətinin Qarabağı dünyanın ən gözəl və inkişaf etmiş guşələrindən birinə çevirməkdə qərarlı olduğu bildirilib.

Eyni zamanda, ölkəmizin qarşılaşdığı mina terrorunun faciəli nəticələri, yenidənqurma səylərinə və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına ciddi maneə yaratması və bu istiqamətdə fasiləsiz şəkildə görülən işlərdən geniş söz açılıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən bu bəladan əziyyət çəkən Kolumbiyanın da Azərbaycan Hökumətinin prioritet olaraq müəyyən etdiyi minatəmizləmə sahəsi üzrə səylərini dəstəkləməsinin vacibliyi ifadə olunub.

Sonda Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyimizin tam bərpası ilə regionda sülh üçün unikal tarixi imkan yarandığı, iki ölkə arasında sülh sazişinin bağlanması və dövlət sərhədlərinin müəyyənləşdirilməsi, eləcə də Zəngəzur dəhlizinin açılmasının bölgədə əmin-amanlığın təminatını şərtləndirəcəyi və iqtisadi dividendliyi artıracağı vurğulanıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR