"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə üzrə komissiyasının rəhbəri Andranik Koçaryan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Fransa Ermənistanla hərbi əməkdaşlığı gücləndirməkdə maraqlıdır: "Gündəlikdə bir çox məsələlər var - təhsildən tutmuş hərbi təmaslara qədər. Ermənistan müdafiə sahəsində əməkdaşlığı genişləndirir".
Andranik Koçaryan Fransanın Ermənistanı silahlandırması barədə yayılan məlumatları da təsdiq edib: "Fransa Ermənistana müdafiə silahları verəcək".
Bununla belə, Ermənistan parlamentinin komissiya rəhbəri Fransa tərəfindən silahlandırmanın regionda geosiyasi vəziyyətə mənfi təsir edə biləcəyindən ehtiyatlanaraq məsələnin mahiyyətini bir qədər yumşaltmağa çalışıb: "Söhbət elə silahlardan gedir ki, onlar başqa konsepsiyanı diktə edirlər. Çünki heç kim heç kimə hücum silahı vermir”.
Xatırladaq ki, bir neçə gün əvvəl Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Oliviye Dekotini ölkəsinin müdafiə naziri Sebastian Lekornyu erməni həmkarı Suren Papikyanla danışacağını söyləmişdi. "Fransa Ermənistanın yanındadır" deyən diplomat iki ölkənin müdafiə nazirlərinin əməliyyat və konkret fəaliyyətin nəticələrini müzakirə edəcəklərini bildirmişdi.
Elxan SALAHOV