Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma "Artsax respublikası"nın buradığını elan edən və bundan sonra İrəvana qaçan sonuncu "prezident" Samvel Şahramanyan Ermənistanda da arzuolunmaz şəxs kimi qınaq obyektinə çevrilib. Yeni "vəzifəyə seçildikdən" cəmi bir həftə sonra Qarabağı qaçan və həbs olunmaq qorxusu ilə rəsmi İrəvandan sığınacaq istəyən başıbəlalı "lider"lə Ermənistan hökuməti arasında gərginlik kulminasiya nöqtəsinə çatıb.
"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatında müxtəlif səpkili xəbərlər dolaşır. Bildirilir ki, gizli şəkildə Xankəndidən İrəvana qaçmaqla Azərbaycanın hüquq-mühafizə orqanlarından qurtulan Şahramanyanın Paşinyan hökuməti ilə münasibətləri korlanıb. Belə ki, Xankəndidəki "hökuməti" buraxıb Ermənistana qaçmış digər separatçılar kimi sentyabrın 9-da qondarma "parlament"də səs çoxluğu terrorçu xuntanın "lideri" seçilən bu şəxs də Paşinyanın ətrafı tərəfindən sıxışdırılır. Məhz buna görə də Samvel Şahramanyan yaxın vaxtlarda Qarabağı tərk etmiş erməni əsilli saskinlərə müraciət edəcəyi gözlənilir.
“Hraparak” qəzetinin yaydığı məlumata görə, xunta rejiminın sonuncu başçısı Qarabağ ermənilərindən daşınmaz əmlak alındığı, əvəzində onlara pul verildiyi barədə məsələlərə aydınlıq gətirmək istəyir.
"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə 19-20 sentyabr hadisələrindən sonra müxtəlif şəxslərdən mənzillər və ya əmlak aldığı, kredit və nağd pul verdiyi barədə yayılan məlumatlar reallığa uyğun deyil. Bu cür məlumatı olan vətəndaşlardan xahiş olunur ki, Ermənistanın hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Əgər belə faktlar və sübutlar varsa, həmin cinayətlə bağlı müvafiq qaydada dövlət orqanlarına məlumat verilməlidir. Nəzərinizə çatdırırıq ki, Samvel Şahramanyan yaxın vaxtlarda ictimai çıxışında bu və bir sıra digər məsələlərə toxunacaq”, - deyə “Hraparak” qəzetinin yaydığı məlumatda deyilir.
Elxan SALAHOV