22.11.2024, 19:00
AZ EN
19.10.2023, 17:37 216

Erməni mətbuatı: "Zəngəzur dəhlizinin açılması beynəlxalq səviyyədə razılaşıdırılıb"

XƏBƏRLƏR
  • “Ermənistanın Sünik (Zəngəzur-red.) bölgəsindən nəqliyyat dəhlizi açmaq mövzusu bağlanmayıb. Əksinə, bu təşəbbüslərin reallaşması indi daha inandırıcı görünməyə başlayıb”.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzetinin məqaləsində bildirilib. Qəzet bunu onunla əsaslandırır ki, bütün geosiyasi mərkəzlər Zəngəzur dəhlizdən danışır, hər bir də açıqlamasında onu özlərinin baxış bucağından şərh edir. Bildirilir ki, Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında xüsusi maraq göstərir və hər iki ölkə geosiyasi müstəvidə bu layihənin reallaşdırılması üçün ən üst səviyyələrdə hazırlıqlara başlayıb.

Rusiyanın da Zəngəzur dəhlizinin reallaşmasında maraqlı olduğunu yazan “Joğovurd” qeyd edib ki, indiyə kimi heç bir geosiyasi mərkəz bu layihənin əleyhinə hər hansı fikir bildirməyib. Əksinə, Şərqi Avropa ölkələri və Çin, eləcə də Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya yolunun açılmasına dəstəyini ifadə edib. 

“Görünən odur ki, Ermənistanın Sunik (Zəngəzur- red.) bölgəsindən keçən nəqliyyat dəhlizini Azərbaycana verməsi ilə bağlı həm regional, həm də beynəlxalq müstəvidə konsensus var. Amma bu dəhlizin hüquqi əsasları və hansı status daşıyacağı barədə konkret razılaşma əldə olunmayıb. Bununla belə, həm Türkiyə və Azərbaycanda, həm də Qərbdəki tərədaşlarında Zəngəzur dəhlizinin açılacağına inam çox böyükdür", - deyə, “Joğovurd” əlavə edib.

Məqalədə vurğulanır ki, Ermənistanın baş naziri Nikol Paşinyan da öz açıqlamalarında Zəngəzurdan yol veriləcəyini inkar etmir. Son vaxtlar o, nəqliyyat və komminkasiya xətlərinin açılmasına meyilli olsa da, dəhliz formalaşdırılmasından yayınır: “Bu baxımdan oktyabrın sonunda Brüsseldə keçiriləcək Mişel-Əliyev-Paşinyan görüşü həlledici əhəmiyyət kəsb edir və dəhliz-yolun hansı sənəd əsasında veriləcəyi də məhz orada həll olunacaq”.

Yazıda Rusiya prezidenti Vladimir Putinin də Zəngəzur dəhlizinin açılmasının regiona müsbət təsir göstərə biləcəyinə dair açıqlamaları da xatırlanır. Bildirilir ki, ABŞ və Avropa İttifaqının da yüksək vəzifəli nümayəndələri bu mövzuda oxşar fikirlər səsləndirib: “Amerika tərəfi Ermənistanın suverenliyinin qorunmasından danışır. ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 21-də deyib: “Birləşmiş Ştatlar Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Avropa tərəfi də tez-tez oxşar bəyanatlar verir. “Avropa İttifaqı Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir”, - deyə Avropa Parlamentinin rəhbəri Roberta Mezola dünən analoji bəyanatla çıxış edib.

"Beləliklə, vəziyyət onu göstərir ki, Ermənistanın bu dəhlizi Azərbaycana verməsi ilə bağlı geosiyasi konsensus var, lakin Qərb heç bir halda onun Rusiyanın nəzarətində olmasını istəmir. Amma hər bir halda dəhliz-yol olmalıdır. Nəyin bahasına açılacağı və kimin nəzarətində olacağı bu ayın sonunda Brüsseldə bəlli olacaq”, - “Joğovurd” yazıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini bir daha elan edib: “Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.

Elxan SALAHOV

Oxşar xəbərlər