22.11.2024, 01:53
AZ EN
01.10.2023, 17:39 218

Hikmət Babaoğlu: BMT missiyası və bütün dünya Azərbaycanın necə humanist davrandığını, sülh istədiyini görməlidir

XƏBƏRLƏR
  • Azərbaycan bütün hallarda dövlət ağlı ilə hərəkət edən və hüquq əsaslanan bir ölkədir.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də sülh mərhələsinə keçid dövründə Azərbaycan daim beynəlxalq hüquqa və insan hüquqlarına sadiq olub: “Hazırkı mərhələdə sülhün əldə edilməsini çətinləşdirən Azərbaycan ərazisində olan Ermənistanın silahlı birləşmələrinin ölkəmizin ərazisindən çıxarılması məsələsində də yenə Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquqa söykənərək şəffaf qərarlar qəbul etdi və həmin qərarların icrasını bütün dünyanın gözü qarşısında beynəlxalq hüquq, müharibə qanunlarına əsaslanaraq həyata keçirdi. Ancaq sülh istəməyən qüvvələr – başda ermənilər və onların hamiləri olmaqla sanki Qarabağ ərazisində hansısa hüquqsuz hadisələrin olması ilə bağlı dünya ictimaiyyətinə yalan informasiyalar ötürməyə başladılar. Azərbaycan bunun olmadığını bir daha dünyaya nümayiş etdirmək üçün BMT-nin müvafiq missiyası ilə əməkdaşlıq etməyə hazır olduğunun bildirdi və həmin missiya artıq Azərbaycandadır. Ancaq məsələ ondadır ki, Azərbaycan 30 il torpaqları işğal altında olanda BMT-nin həmin missiyasını dəvət etsə də, onlar gəlməmişdilər. Bütün bunlara baxmayaraq, Qarabağda yaşayan erməni sakinlərə qarşı hər hansı zorakılıq tətbiq edilmədiyi gerçəkliyini görmək üçün BMT-nin missiyası Azərbaycandadır. Bu, Azərbaycanın məhz hüquqi dövlət kimi davranmasının göstəricisidir”.

Deputat qeyd edib ki, Vətən müharibəsi bitdikdən dərhal sonra Azərbaycan bəyan edib ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan Konstitusiyası çərçivəsində layiqli vətəndaş kimi Azərbaycan cəmiyyətinə inteqrasiya etməkdə maraqlıdır: “Çox təəssüf ki, ermənilər bunu qəbul etmədilər. Ancaq buna baxmayaraq, Azərbaycan dövlət səbri ilə hərəkət edərək 3 il ərzində onlara seçim etmək üçün vaxt verdi, Azərbaycan cəmiyyətinə inteqrasiyaları üçün hazırlıq mərhələsini müəyyənləşdirdi. Amma çox təəssüf ki, nəticə etibarilə Qarabağda yaşayan ermənilər Azərbaycanın onlara göndərdiyi humanitar yardımı belə qəbul etmədilər. Azərbaycanın humanitar missiyasına qarşı həqarət nümayiş etdirdilər. Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaqdansa tam əksinə, Azərbaycanı dünyada siyasi şantaj etməyə başladılar ki, bu da yolverilməzdir. Ona görə Azərbaycan yenidən məhz Azərbaycan bayrağı altında ölkəmizdə yaşamağı təklif etdi. Yevlaxda erməni icması ilə keçirilən birinci görüşdə də əsas prinspial təklif ondan ibarət idi ki, Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq erməniləri cəmiyyətimizə reinteqrasiya etməyə çağırdı. Ancaq ötən illər ərzində dünyada yaşayan və Qarabağda yaşayan ermənilər Azərbaycana qarşı elə bir etnik nifrətlə tərbiyə olunublar ki, onlar bunu qəbul edə bilmədilər. Onlar əslində sülhü, Azərbaycanla birgə yaşayışı qəbul edə bilmədilər və özləri könüllü şəkildə Azərbaycandan getməklə bağlı qərar qəbul etdilər. Azərbaycan da yenə qanuni şəkildə buna şərait yaratdı. Məsələnin paradoksal halı odur ki, Azərbaycan Qarabağda yaşayan erməniləri vətəndaşlığa qəbul etməyə çağırdığı bir vaxtda Qarabağdakı separatçı rejimin rəhbərliyi və Ermənistanın siyasi hakimiyyəti onları bundan imtina etməyə çağırdı, Qarabağdan köçməyə sövq etdi. Beləliklə, hazırkı mənzərə yarandı. Yəni bu gün Qarabağda yaşayan ermənilərin Azərbaycan ərazisini tərk etmələri separatçıların, Ermənistan hakimiyyətinin radikal mövqeyi kontekstində baş verir. Azərbaycan isə bu ağır şərtlər çərçivəsində də ermənilərin təhlükəsizliyini təmin edir, onların rahat köç etmələri üçün bütün imkanları yaradır. Üstəlik, köç üçün zəruri olan bütün nəqliyyat vasitələrini, yanacağı və digər humanitar vasitələri təmin edir. O cümlədən gələcəkdə Azərbaycana qayıdaraq Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməni sakinlər üçün xüsusi elektron portal yaratdı. Kim qayıtmaq istəyirsə, Azərbaycan onun bu hüququnu təmin etməyə zəmanət verir. BMT missiyası və bütün dünya Azərbaycanın necə humanist davrandığını, sülh istədiyini görməlidir”. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR