Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanla əməkdaşlığını yeni layihələrlə bir addım daha irəli aparmaq Tükiyə üçün xoşbəxtlikdir: "Qardaşım cənab İlham Əliyevlə görüşümüz zamanı bir çox ikitərəfli və regional məsələləri müzakirə etmək imkanımız oldu. Biz Qarabağdakı son vəziyyəti xüsusilə vurğuladıq və Azərbaycanın haqq işinə güclü dəstəyimizi bir daha bəyan etdik. Antiterror əməliyyatında qazanılan tarixi uğura görə əziz Azərbaycanımızı bir daha təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar diləyirəm. Azərbaycan Ordusu terrorçulara qarşı barışmaz, dinc əhaliyə qarşı isə son dərəcə mərhəmətlidir".
"30 il əvvəl Qarabağın işğalı zamanı baş verənlərlə işğal altındakı torpaqlar azad edildikdən sonra baş verənlər arasında böyük fərq artıq yaddaşlara həkk olunub. Mən də azərbaycanlı qardaşlarımızı əməliyyatdan sonra mülki şəxslərə qarşı göstərdikləri humanist və vicdanlı münasibətə görə təbrik edirəm. Türkiyə olaraq bütün proseslərdə Azərbaycanın yanında olduq. Mən keçən həftə BMT Baş Assambleyasına müraciətimdə dəstəyimizi qətiyyətlə vurğuladım. Əməliyyat nəticəsində Azərbaycanın bütün Qarabağ üzərində suverenliyi möhkəmləndirildi. Daha da önəmlisi, 44 günlük Vətən müdafiəsindən sonra bölgədə daimi sülh və sabitliyin bərqərar olması üçün yeni imkan pəncərəsi açıldı. Bu fürsəti dəyərləndirmək fikrimiz hər kəsə məlumdur",- R.T,Ərdoğan vurğulayıb. (Report)