09.06.2025, 16:33
AZ EN
29.08.2023, 16:51 312

Qənirə Paşayeva: Laçın sevincimizdən hər kəsə pay düşdü, kədərli tariximizi isə təkrarlanmaması üçün unutmuruq

XƏBƏRLƏR

Avqustun 26-da Laçın şəhərində - Həkəri çayının sahilində ilk dəfə “Laçın Şəhəri Günü” qeyd olunub. Prezident İlham Əliyev bayram tədbirində çıxış edərək laçınlılara, bütövlükdə xalqımıza təbriklərini çatdırıb. Şəhidlərimizin dərin ehtiramla yad edildiyi, qazilərimizin, şanlı Ordumuzun qəhrəmanlığının bir daha və məhəbbətlə vurğulandığı bayram, qədirşünaslıq, vəfadarlıq və yeni uğurlara inamın təntənəsi oldu. Əlbəttə, hər bir kəndimizin işğalı faciə, hər kəndimizin qurtuluşu uğurdur. Lakin dövlətimizin başçısının vurğuladığı kimi, Laçının işğalı da, qurtuluşu da müstəsna hadisə idi. İşğal nəticəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin Ermənistanla böyük coğrafi bağı yaranmışdı. Bu bağ sonrakı işğalların qaçınılmazlığını da şərtləndirirdi. Laçının qurtuluşu da anti-Azərbaycan qüvvələrin Qarabağla əlaqədar çirkin planlarının suya düşürülməsi, sıfırlanması anlamını daşıyır. Vətən müharibəsində Laçının xeyli kəndlərini döyüşərək azad edən şanlı Ordumuz, nəhayət Şuşada bayraq qaldırmaqla düşmənin belini qırdı.

Bu fikirləri açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, Ermənistan öz üzərinə öhdəliklər götürüb və 2020-ci il dekabrın 1-də Laçın ərazilərini qismən boşaldıb, yəni, Laçın şəhəri, Zabux və Sus kəndləri keçmiş Laçın dəhlizi boyunca yerləşdiyi üçün orada qanunsuz məskunlaşdırılmış ermənilər daha bir müddət köçürülmədi. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindəki iradəsini bu dəfə yol tikintisində və diplomatik cəbhədə nümayiş etdirib və mümkün sayılmayan işi mümkün qılıb, alternativ yolun tikintisini başa çatdırıb. Bəhanəsi tükənən ermənilərin və havadarlarının yeni bəhanələr axtarışı qarşılığında isə “Dəmir yumruğ”un yerində olduğunu xatırlatmaq bəs edib. Beləliklə, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərində də bayrağımız qaldırıldı. Laçına əbədi qayıtdıq. Qayıtdıq ki, quraq-yaradaq, torpağın əsl yiyələri ilə yadellilərin arasındakı kəskin fərqi bir daha dünyaya göstərək. Son bir ilin içində qurucu, yaradıcı Azərbaycan Laçını şəhərə çevirdi.

“Laçın Şəhəri Günü böyük coşqu, qürur və yeni üfüqlərə qanadlanmalarla bayram edildi. Müzəffər Ali Baş Komandan 50 illik yubileyini Ağcabədidə - Taxtakörpüdə məskunlaşmış laçınlılarla keçirdiyini və onlara verdiyi sözü xatırlatdı. Duyğulu anlar idi. Bir daha təsdiq olundu ki, bizim sözümüz imzamız qədər keçərlidir. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Yalnız laçınlılar deyil, ayrı-ayrı bölgələrimizi, vətəndaş cəmiyyəti institutlarımızı, dövlət orqanlarımızı və yaradıcılıq qurumlarımızı, eləcə də ölkəmizdəki diplomatik korpusu təmsil edənlər “Laçın Şəhəri Günü” ilə bağlı təşkil olunan bayram tədbirində idilər. Kədər bölüşdükcə azalır, sevinc bölüşdükcə çoxalır. Laçın sevincimizdən sevinə bilən hər kəsə pay düşdü, kədərli tariximizi isə bir daha təkrar olunmaması üçün unutmuruq. Prezidentin bayram çıxışında dediyi kimi, biz öz doğma torpağımızda qürurla yaşayırıq. Artıq biz həm Şuşada, həm də Laçında toy-bayram edirik. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Bu qüruru bizə bəxş edən ən önəmli səbəblərdən biri, bizim məhz ədalətli müharibə aparmağımızdır, ədaləti özümüzün öz gücümüz hesabına bərpa etməyimizdir”, - deyə Q.Paşayeva vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər