20.09.2024, 01:36
AZ EN
26.08.2023, 20:45 240

“Laçın” buraxılış məntəqəsini həzm edə bilməyən Ermənistan dezinformasiya yaymaqla məşğuldur

XƏBƏRLƏR
  • Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr dezinformasiya yaymaqla məşğuldurlar.

Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, onların iddialarına görə, guya biz Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirir və Qarabağ bölgəsində humanitar böhran yaradırıq. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.

F.Yıldırım “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasını ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım olduğunu qeyd edib: “Laçın Azərbaycanın ərazisi olduğundan burada həyata keçirilən tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur".

Deputatın sözlərinə görə, "Laçın" dövlət sərhəd-buraxılış məntəqəsi strateji əhəmiyyətə malikdir. Bu məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. "Təsadüfi deyil ki, Prezident İlham Əliyevin cari ilin may ayında ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirdi ki, “Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Dövlətimizin başçısı Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağını da ABŞ rəsmisinin diqqətinə çatdırdı", - deyə Fatma Yıldırım qeyd edib.

Onun sözlərinə görə, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi Qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Deputat bu məntəqənin yaradılması və fəaliyyəti ilə bağlı heç bir qüvvənin dövlətimizin iradəsinə təsir edə bilməyəcəyini də vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR