Eyni soy-kök, eyni din daşıyıcıları olan iki xalq arasında münasibətlər tarixin bütün dövrlərində qarşılıqlı hörmət üzərində qurulub. Etiraf etmək lazımdır ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələr heç vaxt bugünkü qədər yaxın və arzulanan səviyyədə olmayıb. Hər iki ölkənin dövlət başçılarının xalqlarımızın ruhuna uyğun yürütdükləri uğurlu siyasətin nəticəsi olaraq beynəlxalq məsələlərdə qardaşlıq mövqeyi nümayiş etdirilir. Azərbaycanla Özbəkistanın tərəfdaşa çevrilməsi siyasi və iqtisadi müstəvidə aydın şəkildə görünür.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, Özbəkistan Prezidentinin ölkəmizə səfəri həm də məhsuldarlığı ilə yadda qaldı. İki ölkə arasında ümumilikdə 20 sənəd, o cümlədən Azərbaycanla Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsinin imzalanması qardaşlıq münasibətlərinin və gələcək uğurların hərəkətverici qüvvəsinə çevriləcək.
Liderlərin Füzuli rayonuna səfəri, işğaldan azad olunmuş tarixi şəhərimizdə MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşləri, şəhərin Baş Planı ilə tanışlıq və Özbəkistanın maddi dəstəyi ilə burada inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı iki dövlət arasında sağlam və səmimi dostluq münasibətlərinin daha bir göstəricisi sayıla bilər. Prezident İlham Əliyevin də dediyi kimi, bu məktəbin tikintisi Qarabağın bərpasına xarici dövlətlərin Özbəkistanın simasında ilk hədiyyəsidir. Bunu ilk olaraq Özbəkistan etdi və biz bu qardaşlıq jestini çox yüksək dəyərləndiririk.
Azərbaycanın haqq işində bütün beynəlxalq platformalarda hər zaman ölkəmizi dəstəkləyən Özbəkistanın bu addımı dostluq və qardaşlıq münasibətinin simvolu kimi ölkə ictimaiyyəti tərəfindən böyük sevgi ilə qarşılandı.
Deputat sonda qeyd edib ki, Özbəkistan Prezidentinin ölkəmizə səfəri Azərbaycanın işğal olunmuş bölgələrində abadlıq-quruculuq işlərinin aparılmasına maddi və siyasi, o cümlədən mənəvi dəstəyinin daha bir sübutu kimi yadda qaldı. Eyni zamanda, Azərbaycan Prezidentinin beynəlxalq arenada yüksək nüfuzu və söz sahibinə çevrilməsinin türkdilli ölkələr üçün böyük dəstək olduğu ölkəmizin başçısının fəaliyyəti ilə təsdiqləndi.
Beynəlxalq aləmdə liderlik nümunəsi sərgiləyən Prezident İlham Əliyevin qüdrətli Azərbaycanla yanaşı, paralel olaraq Türk dünyasını da inkişaf etdirmək, aparıcı gücə çevirmək niyyəti ortadadır. Bu istiqamətdə Prezident İlham Əliyevin gördüyü işlər türk dövlətlərinin bir yumruq altında birləşməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edir. (AZERTAC)