23.12.2024, 00:51
AZ EN
22.08.2023, 17:18 258

Mahir Abbaszadə: “Bu gün Laçında “Şəhər günü”nü qeyd etməyə haqqımız var”

XƏBƏRLƏR
  • Laçın şəhəri, Zabux və Sus kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana təhvil verilməsindən bir il ötür. Bu bir il ərzində Laçında çox şeylər dəyişib.

“Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra qarşımızda duran əsas məsələlərdən biri işğaldan azad olunan  ərazilərdə bərpa-quruculuq proseslərini həyata keçirmək, ermənilər tərəfindən tamamilə dağıdılmış infrastrukturu bərpa etmək, həyatı bərpa etmək və  uzun müddət bu ərazilərdən məcburi köçkün  düşmüş insanları geri qaytarmaq idi”. Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə “Real” TV-yə 26 avqust Laçın “Şəhər günü” ilə bağlı müsahibəsində səsləndirib. Millət vəkili qeyd edib ki, Vətən müharibəsində qələbə əldə etdikdən sonra  Azərbaycanın Laçın şəhərindən keçərək Susda və Zabuxda yaşayan ermənilərin Ermənistanla gediş-gəlişini asanlaşdırmaq məqsədilə bir koridor verilmişdi. Sonra isə Azərbaycan tərəfi öz öhdəsinə götürürdü ki, biz yeni bir yolun çəkilişini həyata keçirəcəyik və bu zaman bizim Laçın şəhər mərkəzi Zabux və Sus yenidən azərbaycanlılara qaytarılacaq: “10 noyabr bəyannaməsinin müddəalarına əsasən, bu, təxminən 3 il müddətinə həyata keçirilməli idi. Ancaq Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət, güc sayəsində və siyasi iradə sayəsində Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə biz tez bir zamanda, təxminən ilyarım müddətində yeni yolun çəkilişini həyata keçirə bildik. Beləliklə, ötən il 2022-ci ilin avqust ayının 26-da  Laçın rayonu, şəhər mərkəzi, Zabux və Sus ermənilərdən tamamilə təmizləndi. Burada müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələri isə yeni yolun çəkilişini həyata keçirməyə başladılar. Bu müddət ərzində bütövlükdə həm Laçın rayonunun həyatında, həm bütövlükdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurla bağlı apardığı siyasətdə mühüm dəyişikliklər baş verməyə başladı. Yəni biz siyasi nöqteyi-nəzərdən bir az da möhkəmlənə bildik. Biz  sərhədlərimizin müdafiəsinin yüksək səviyyədə qorunmasını təşkil edə bildik. Eyni zamanda uzun müddət mübahisə predmeti olan  Laçın rayonunun Ermənistan -Xankəndi-Gorus yolunun Laçın rayonu ərazisindən keçən hissəsində sərhəd-keçid məntəqəsinin təyin olunmasını və sərhəd-keçid məntəqəsinin quraşdırmasına nail ola bildik. Əslində bu yol Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq məqsədi üçün nəzərdə tutulurdu. Eyni zamanda bu yol həm də humanitar məqsədləri həyata keçirməq üçün nəzərdə tutulurdu. Amma biz sonrakı hadisələrdə gördük ki, Ermənistan  tərəfi nəinki bu yoldan humanitar məqsədlər üçün deyil, eyni zamanda başqa məqsədlər üçün, yəni silah-sursatın Qarabağa daşınmasına, hərbi hissələrin Qarabağa daşınmasına, eyni zamanda  bu yol vasitəsilə başqa ölkələrin kəşfiyyat orqanının nümayəndələrinin qeyri-qanuni olaraq Qarabağa səfərlərinin təşkil olunması, digər bir tərəfdən başqa ölkələrdə hətta prezidentliyə namizəd olan insanların Qarabağa gediş-gəlişini həyata keçirirdilər. Bu da, təbii ki, 10 noyabr bəyannaməsinin müddəalarına zidd idi,  həm də Azərbaycanın özünün müstəqil sərhədi olduğuna görə, bu sərhədlərdən gediş-gəlişin bu dərəcədə ermənilər tərəfindən pozulmasına Azərbaycan tərəfi heç vaxt razı ola bilməzdi. Bununla bağlı Laçın rayonunun sərhəd-keçid məntəqəsini yarada bildik.  Təbii ki, sərhəd-keçid məntəqəsinin yaranması və Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsinə səbəb oldu. Çünki Azərbaycanın mövqeyi regionda təhlükəsizliyin və sülhün daimi  olması, sərhədlərimizin kifayət qədər etibarlı qorunmasını təşkil etməkdirsə, bunun əsas  amillərindən biri Laçın rayonu ərazisində sərhəd-keçid məntəqəsinin  qurulmasıdır”.  M.Abbaszadə daha sonra qeyd edib ki, biz  artıq müşahidə edirik ki, sərhəd-keçid məntəqəsi qurulduqdan sonra  artıq belə qeyri-qanuni işlərin bu yol vasitəsilə həyata keçirilməsi mümkün deyil.Azərbaycan tərəfi bunun qarşısını alır və beləliklə, Azərbaycan həm Şərqi Zəngəzuru, həm Qarabağı  işğaldan azad etdikdən sonra konkret olaraq Laçın rayonunun işğaldan azad etdikdən sonra qarşıya qoyduğu məqsədlərə artıq zaman-zaman  nail olmaqda davam edir: “Bu gün Laçın rayonunun işğaldan azad olunmasının 1 illiyini qeyd edirik. Möhtərəm cənab Prezident İlham Əliyevin sərəncamı ilə Laçın rayonunda Şəhər günlərinin qeyd olunmasına başlanılıb. Möhtərəm cənab Prezidentin sərəncamına əsasən Laçın rayonunun avqust ayının 26-da “Şəhər günü” qeyd olunmağa başlayacaq. Buna ciddi şəkildə hazırlıq gedir. Bir il müddətində həm Laçın rayonunun şəhər mərkəzində, həm Laçın rayonunun Zabux və Sus kəndlərində görülmüş işlər, eyni zamanda  Laçın rayonunun Güləbird, Şəlvə və Qorçu kəndlərində təməlqoyma mərasimlərinin qeyd edilməsi göstərir ki, əslində bizim Laçında Şəhər günlərini qeyd etməyə hətta haqqımız var. Çünki Azərbaycanın, dövlət başçısı cənab Prezident İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində artıq Laçın rayonunda həyat bərpa olunmağa başlayıb. Laçın rayonuna təxminən 250-dən artıq ailənin  köçürülməsi təmin edilib. Laçın şəhərində 1000 nəfər insanın yaşaması üçün artıq köç prosesi başa çatıb. Amma bundan sonrakı ildə, yəni ilin sonuna qədər köç prosesinin sürətlə davam etməsi həyata keçiriləcəkdir. Eyni zamanda  Laçın rayonunun Zabux kəndi artıq tikilib istifadəyə verilmək ərəfəsindədir. Ayın 26-da bu kəndə yenə 20 ailənin köçürülməsi təmin olunacaq. Amma təxminən 2 ay ərzində Laçın rayonunun Zabuz kəndində olan 223 ailənin  tamamilə qəsəbəyə köçürülməsi təmin ediləcəkdir. Sus kəndində də işlər sürətlə həyata keçirilməkdədir.  Hesab edirəm ki, qarşıdakı günlərdə Azərbaycan dövləti Laçın şəhəri və kəndləri ilə bağlı qarşıya qoyduğu məqsədlərin hamısına nail ola biləcəkdir”.

İnsanların burda çox olmasının bir neçə məqamdan ibarət olduğunu dilə gətirən deputat qeyd edib ki,  məqamlardan biri ondan ibarətdir ki, Laçın rayonunun şəhər mərkəzinə və kəndlərinə artıq köç prosesini sürətlə həyata keçirməkdəyik. Bunun nəticəsində artıq rayonumuzda həyat bərpa olunmağa başlayıb. Buradakı insanların böyük hissəsi doğma yurdlarına qayıtmış insanlardır: “Onu da xüsusi qeyd edək ki, Azərbaycan dövlətinin məqsədi Laçın rayonuna təkcə insanları köçürmək deyil, həm də burda iş yerlərinin açılması, insanları yeni iş yerləri ilə təmin etməkdir. Bu insanların bir qismi həmin köçürülmüş insanlar içərisindən iş yeri ilə təmin olunmuş və digərləri isə bu gün mühəndislər və digər işçilərin Azərbaycanın digər bölgələrindən gələrək Laçın rayonunda dinc, quruculuq-bərpa proseslərində yaxından iştirak edən insanlardır. Üçüncü prup insanlar isə uzun müddət Vətən həsrətilə yaşamış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində, şəhidlərimizin qanı hesabına, qazilərimizin canı hesabına  torpaqlarımız işğaldan azad edildikdən sonra Vətən həsrətinə son qoyulmuş insanlardır. Eyni zamanda Laçının şəhər mərkəzinə köçürülmüş insanların yaxın qohum-əqrabasını görmək arzusuyla buraya dəvət etdiyi laçınlılardır. Bu laçınlılar da təbii ki, zaman-zaman  evləri bərpa olunduqca öz doğma evlərinə geri qayıdacaqlar.  Artıq Laçın şəhərində həyat bərpa olunub, insanlar xoş, firəvan, azad şəkildə yaşamaqdadır və hesab edirəm ki, bu günkü gün  burada olan insanların həyatında həmişə silinməz izlər kimi qalacaqdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər