Bu sözləri açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.
O qeyd edib ki, Ermənistanın irəli sürdüyü tələblər beynəlxalq hüquqa, qonşuluq münasibətlərinə zidd olduğu üçün BMT TŞ üzvləri onları açıq müdafiə edə bilmədilər. İrəvanın qaldırdığı məsələlər Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilələrdən ibarət idi. Qarabağ iqtisadi rayonunda yaşayan erməni icmasının nümayəndələrinin humanitar fəlakətlə üzləşməsinə dair iddiaları da öz təsdiqini tapmadı. Azərbaycan tərəfi Qarabağda humanitar böhranın olmadığına dair ortaya faktlar qoydu. Eyni zamanda, yardım üçün Ağdam-Xankəndi yolunun hazır olduğunu bildirdi. İclasda Ermənistan və havadarları növbəti dəfə rəzil duruma düşdülər. Budəfəki dinləmələr Azərbaycan diplomatiyasının uğuru idi. Dövlətimiz öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda əzimlidir.
BMT TŞ-nin əksər üzvlərinin Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini diqqətə çatdıran politoloq deyib: “Çıxış edənlər problemin həllini Azərbaycanla Ermənistan arasında ikitərəfli müzakirələrdə gördülər. Təbii ki, Azərbaycan münasibətlərin normallaşması üçün lazımi səylərini göstərir. Biz Ermənistana 5 bəndlik sülh müqaviləsi təklif etmişik. Ermənistan bu günə qədər də Azərbaycanın təklifləri ilə bağlı sülh müqaviləsinə dair hər hansı bir addım atmayıb. Əksinə, ermənilər müxtəlif səpkili siyasi təxribatlar törədirlər, Azərbaycandan suveren hüquqlara zidd güzəştlər qoparmaq istəyirlər. Bu gün əminliklə demək olar ki, Qarabağda yaşayan ermənilərin hər hansı humanitar problemi yoxdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan Laçın dəhlizi vasitəsilə yüklərin Qarabağ bölgəsində yaşayan mülki ermənilərə çatdırılması üçün lazımi şəraiti yaratdı. Amma Ermənistan və separatçı ermənilər yoldan hərbi məqsədlər üçün istifadə etdilər. Bu da regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Laçın-Xankəndi yolunda Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsinin qurulması isə Azərbaycanın öz suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüquq çərçivəsində həyata keçirildi. Ermənistan hökuməti bir tərəfdən Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, digər tərəfdən isə daxili işlərimizə qarışır. Bu gün Ermənistan dövləti Azərbaycanla mübarizə apara biləcək gücdə deyil. Ermənistan dövlətinin xarici siyasi konsepsiyası erməni yalanları, xülyaları üzərində qurulub, reallığa uyğun deyil. İrəvan Azərbaycana qarşı mübarizəsini, radikallığını gücləndirdikcə daha da uçuruma yuvarlanır”.
R.Alıyev qeyd edib ki, Ermənistan və Qarabağ ermənilərinin Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna qarşı kampaniya aparmaları onların ikiüzlülüyündən, siyasi şou yaratmalarından xəbər verir. Onların məqsədi Qarabağda yaşayan sadə erməni sakinlərin problemlərini həll etmək deyil, Azərbaycandan güzəştlər qoparmaq, öz məkrli planlarını həyata keçirməkdir. Bu isə baş tutmayacaq. Azərbaycan BMT TŞ-də Ermənistanın növbəti siyasi şousunun qarşısını aldı, erməni yalanı beynəlxalq ictimaiyyət qarşısında ifşa edildi. Ermənistan BMT TŞ-dəkı rüsvayçılıqdan dərs çıxarmalı və utanmalıdır. (AZERTAC)