19.10.2024, 18:25
AZ EN
15.08.2023, 13:26 347

Erməni hiyləsi dünyanın başı üzərində hörümçək toru qurur

XƏBƏRLƏR

Rəsmi Bakı Ermənistanın hiyləgər və təxribatçı cəhdlərinə qarşı daha hazırlıqlıdır

  • “Ermənistan BMT Təhlükəsizlik Şurasını özünün siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir. Aydın məsələdir ki, bu işi təkbaşına görmür. Qərbdəki havadarlarından dəstək alan İrəvan Qarabağdakı erməni əhalinin guya, blokadada saxlanması və yolların bağlanması məsələsini beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışır”.

“Vətən səsi” xəbər verir ki, politoloq Turan Rzayev son günlər ermənilərin Laçın yolu ilə bağlı apardığı təxribat xarakterli kampaniyaları şərh edərkən belə deyib. Onun sözlərinə görə, ermənilərin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlərin uydurma beynəlxalq qurumlara məktublar göndərməsinin və məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəməsinin konkret hədəfləri var: “Birincisi, İrəvan qərbdəki havadarlarına arxalanaraq beynəlxalq ictimaiyyətin diqqətini Qarabağda iddia etdikləri “humanitar fəlakətə” çəkmək istəyir. Bununla həm də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının mümkün olmadığı, öz müqəddəratlarını təyin etmələrinin zəruri olduğu tezisini qəbul etdirmək məqsədi güdürlər. İkincisi, rəsmi İrəvan Azərbaycana qarşı konkret bəyanatın qəbul edilməsinə çalışır. Hansı ki, bu bəyanat fonunda iddia etdikləri “humanitar fəlakətə” hüquqi baza yaratmaq istəyirlər. Üçüncüsü, İrəvan Azərbaycan əleyhinə bəyanat qəbul  ediləcəyi təqdirdə bunu qətnaməyə çevirməyi və Laçın yolunun açılmasına nail olmağı düşünür”.

Politoloq hesab edir ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəsti əsasında “Qarabağdakı vəziyyətlə bağlı” iclas keçirsə də, bu, nəticəni dəyişməyəcək. Hər şeydən əvvəl ona görə ki, Azərbaycan erməni əhalinin yaşadığı əraziyə gedən yolu bağlamayıb və hazırda sərhərd-keçid məntəqəsi humanitar məqsədlər üçün açıqdır: “Azərbaycanın ərazidə sərhəd-keçid məntəqəsi qurması onun suveren hüquqlarından istifadə haqqıdır. Belə bir zərurət Ermənistanın 2020-ci ilin 10 noyabr bəyanatına zidd olaraq bu yolla Azərbaycan ərazilərinə silah-sursat daşıması, bu əraziləri minalaması, Qarabağdakı 10 min erməni hərbi qulluqçunun rotasiyasını həyata keçirməsi, hərbi istehkamlar qurmasına görə yarandı. Son iki il ərzində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşınları Laçın-Xankəndi yolu ilə daşımalar həyata keçirib, işğaldan azad olunmuş ərazilərdə aşkar olunmuş minaların 2021-ci ildə Ermənistanda istehsal edildiyi müəyyən olunub”.

Politoloq vurğulayır ki, Ermənistanın bu məsələni BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarması və Azərbaycanın əleyhinə hansısa sənədin qəbul olunmasına çalışması birinci dəfə deyil. O, ötən ilin dekabrında Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların aksiyası ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırdığını, lakin bu beynəlxalq qurumun üzvləri arasında konsensus olmadığından ermənilərin əzəli havadarının irəli sürdüyü bəyanat layihəsinin havada qaldığını da xatırladır: “Çox güman ki, bu dəfə də eyni nəticə olacaq. Çünki rəsmi Bakı Ermənistanın bu və ya digər təxribatçı cəhdlərinə hazırlıqlıdır. Bundan əvvəl Fransanın təşəbbüsünə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərdən Böyük Britaniya və Rusiya, qeyri-daimi üzvlərindən Birləşmiş Ərəb Əmirliyi ilə Albaniya qarşı çıxdı”.

Turan Rzayev bildirir ki, əgər Ermənistanın iddiası BMT Təhlükəsizlik Şurasında bəyanat kimi qəbul edilərsə, bunun qətnaməyə çevrilməsi real deyil: “Çünki ilk veto qoyacaq ölkə Rusiya olacaq. Təhlükəsizlik Şurası illərdir vahid qərar verməkdə acizdir. Daimi üzvlər bir-birinin əleyhinə veto hüququndan istifadə edirlər. Ehtimal ki, bu dəfə də belə olacaq”.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası sabah Laçın yolu ilə bağlı vəziyyəti müzakirə etmək üçün iclas çağırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin yaydığı məlumata görə, Ermənistanın tələbi ilə çağrılan iclas avqustun 16-da saat 15:00-da keçiriləcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iclasda iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

Mərkəzi qərargahı Nyu-Yorka yerləşən BMT-nin Təhlükəsizlik Şurasına hazırda ABŞ sədrlik edir.

Bu arada hiylə və uydurma ittihamlarla beynəlxalq təşkilatları aldadan və dünyanın başı üzərində hörümçək toru qurmağa çalışan erməni lobbisi İsrail prezidentinə də məkub göndərib. Belə ki, İsrailin bir qrup alim və ziyalısı prezidenti İshak Herzoqa müraciət edərək Azərbaycan və Ermənistan arasında “mübahisəli Dağlıq Qarabağ bölgəsində” cərəyan edən humanitar böhranın həllinə köməklik göstərməyi xahiş ediblər. Məktubda deyilir ki, İsrail dövlətinin regiondakı vəziyyətə cavabdeh olan Azərbaycanla sıx əlaqələri, Laçın yolundakı “humanitar böhran”ın sona çatmasına kömək etmək imkanı var.

İddia olunur ki, əhalisinin əksəriyyəti erməni mənşəli olan ərazi 8 aydır faktiki olaraq azərbaycanlıların mühasirəsindədir və bu, ərzaq və dərman kimi zəruri malların daşınmasını çətinləşdirir. Məktub müəllifləri vurğulayırlar ki, onlar İsrail hökumətinin münaqişəyə siyasi müdaxilə deyil, “ağır təhlükə altında olan” bölgə sakinlərinə yardım gözləyirlər.

Amma görünən odur ki, istər İsrail prezidentinə ünvanlanan məktub, isrəsə də BMT Təhlükəsizlik Şurasının sabahkı iclası yenə də nəticəsiz qalacaq. Həm də ona görə ki, böhtançı və hiyləgər ermənilərin qlobal dünyanın başı üzərində hörümçək toru qurmaq istədiyini artıq hər kəs başa düşür...

Elxan SALAHOV

Oxşar xəbərlər