Artıq bir neçə gündür sosial şəbəkələrdə və mediada BMT-nin bir qrup eksperti (BMT Xüsusi Prosedurları) tərəfindən guya “blokada” adlanan hadisə ilə bağlı paylaşım barədə müzakirələr gedir. Bu qrupun varlığını az adam xatırlayır. Bu, yəqin ki, son onilliklər ərzində BMT-nin bu alətinin özünü heç bir şəkildə göstərməməsi ilə bağlıdır. Ən mühüm missiyası insan hüquqlarının qorunması olmasına baxmayaraq, düşünmürəm ki, BMT-yə üzv olan ölkələrin vətəndaşları onun mövcudluğu haqqında eşidiblər. Yəni, sadə dillə desək, müştəri xidmətin mövcudluğundan xəbərsizdir. Bu, yəqin ki, onun keyfiyyətini bariz şəkildə nümayiş etdirir. Otuz ildir ki, bu qrup XX əsrin sonlarında baş vermiş ən ağır insan haqları böhranlarından birinə - Azərbaycanın işğal olunmuş ərazilərindən etnik zəminə görə bütün mülki şəxslərin qovulmasına öz marağını heç vaxt nümayiş etdirməyib. Bununla belə, sözügedən qrup Qarabağdakı mövcud vəziyyətlə bağlı BMT-nin özünün, eləcə də dünyanın bu sahədə mandatı olan digər beynəlxalq təşkilatların mövqeyi ilə ziddiyyət təşkil edən bəyanat yayıb. Bu qrupun ekspertləri ödənişsiz və müstəqil ekspertlər kimi fərdi olaraq fəaliyyət göstərirlər və onların rəyi məsləhət xarakteri daşıyır. Lakin onların paylaşımında BMT-nin loqosu var ki, bu da təşkilatın mövqeyinin belə olduğu təəssüratı yaradır.
Bu sözləri Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
“Birincisi, BMT-nin ekspertlər qrupu yalnız konkret mövzu və ya ölkə üzrə verilən mandat əsasında fəaliyyət göstərə bilər. Müvafiq qurumun internet səhifəsində axtarış apardım. Azərbaycanda və ya keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı prosedura başlamaq qərarına istinad tapa bilmədim. Buna uyğun olaraq qrupun hansı səlahiyyətlər əsasında fəaliyyət göstərdiyi sualına cavab tapılmalıdır. Onlardan cavab alınması mütləqdir, çünki bu tip beynəlxalq qurumlar üzv ölkələr tərəfindən maliyyələşdirilir və məlumatların açıqlanması tələb olunur. Əgər belə bir qərar varsa və sadəcə olaraq dərc olunmayıbsa, o zaman sual yaranır. Əgər qrup Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələləri araşdırırsa, niyə onların rəyində aşağıdakı məqamlar əksini tapmır, məsələn: azərbaycanlı qaçqın və məcburi köçkünlərin evlərinin dağıdılması və torpaqların minalanması səbəbindən hələ də (ən azı böyük əksəriyyəti) öz evlərinə qayıda bilməmələri. Bu o deməkdir ki, ərazilər işğaldan azad olunsa da, Azərbaycan ərazisində qaçqın böhranı hələ bitməyib. Bilmək istərdik ki, qrup münaqişənin 30 ili ərzində bu vəziyyəti həll etmək üçün hansı səylər göstərib və hazırkı bəyanatla bağlı və kontekstdə hansı tədbirlər həyata keçirib? Bu, bir çox oxşar suallardan yalnız biridir və cavablar rəsmi və açıq şəkildə verilməlidir. Bu sualları həm rəsmi diplomatik nümayəndələrimiz, həm də qrupun mandatına uyğun olaraq adi vətəndaşlar verə bilərlər”,-deyə Milli Məclisin deputatı bildirib.
Qrupun davranış kodeksini və onun qaydalarını oxuduğunu qeyd edən N.Arpadarai deyib: “Bir qrup ekspertin bəyanat vermə prosesi kifayət qədər aydın prosedurlarla, o cümlədən ərizələrin qəbulu, araşdırmalar, hökumətlərə sorğular və sair ilə müşayiət olunmalıdır. Müvafiq olaraq, qrup araşdırmasını dərc etməlidir ki, hansı əsasda 1) Laçın dəhlizinin “bağlanması”, 2) “açılmasının”mütləq olması qənaətinə gəlmişdir. Eyni zamanda, xatırlatmaq istəyirəm ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın rayonlarının, o cümlədən Laçın rayonunun Ermənistan hərbçiləri tərəfindən qanunsuz işğalı faktını tanıyan və onun işğaldan azad edilməsinə çağıran qətnamələri var. Paylaşımda bu önəmli məlumata istinadı görmədim.
Bu qrupun məlum paylaşımı istənilən halda ciddi təhlilə dözmür, qeyri-adekvat və qeyri-qanuni görsənir. Ancaq bir acı faktı xatırlatmaq istəyirəm. BMT sistemində həm etnik ermənilərdən, həm də digər məlum ölkələrin nümayəndələrindən ibarət böyük və mütəşəkkil erməni lobbisi fəaliyyət göstərir. Bu mütəşəkkil dəstənin əsasən gizli şəkildə Azərbaycana zərər vurmağa çalışdığı dəfələrlə müşahidə olunub. Ekspertlər qrupunun “məhsulu” da bu reallığın nəticəsidir. Bununla mübarizə aparmaq üçün bizim əlavə xarici siyasət mexanizmlərimizin yaradılmasına ehtiyac var. Ölkəmizin mükəmməl dövlətlərarası diplomatiyası var. Azərbaycan Prezidenti dünyanın ən təcrübəli, xarizmatik və səriştəli dövlət başçılarından və diplomatlarından biridir ki, o, təkbaşına beynəlxalq müsahibələri və danışıqlar yolu ilə, müharibə zamanı erməni tərəfinin rəvayətini faktiki olaraq sındırıb və indi də bu işi davam etdirir. O, səbirlə irili-xırdalı ölkələrlə bərabərhüquqlu münasibətlər saxlayır. Müstəqilliyimizin bünövrəsini möhkəmləndirməklə, uzun və sabit ittifaqlar qurmaqdadır.
Dövlətimizin başçısı bu yaxınlarda Şuşada keçirilən Qlobal Media Forumunda vətəndaş təşəbbüsünün və ictimai nəzarətin vacibliyini qeyd etdi. Bu sözlər daha çox daxili gündəmə aid olsa da, mən inanıram ki, xarici əlaqələrə də aiddir. Biz xalq diplomatiyası - ictimai diplomatiya adlanan məfhumu inkişaf etdirməliyik. Diasporlar, QHT-lər, jurnalistlər, blogerlər, idmançılar, musiqiçilər, alimlər rəsmi diplomatiyanı tamamlayan geniş mexanizmin bir hissəsi olmalıdırlar.
Müharibədən sonra dostlarımızın sayı artır, amma pis niyyətlilərin də sayı az deyil. Tamamilə gözlənilməz beynəlxalq vəziyyəti nəzərə alaraq, biz heç bir halda rahatlamamalı, xalq və dövlət olaraq azadlığımızın təməlini möhkəmləndirən alətlər yaratmağa davam etməliyik”. (AZƏRTAC)