Bunu siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumunun açılışında Prezident İlham Əliyevin iştirak etməsi, dövlətimizin başçısının xarici və yerli jurnalistlərin suallarını ətraflı cavablandırması dünyanın diqqət mərkəzindədir.
“Dövlətimizin başçısının Forumdakı çıxışı, jurnalistlərə verdiyi açıqlamalar dünyanın nüfuzlu media platformalarının böyük marağına səbəb olub. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar xarici xəbər agentliklərinin, onlayn və çap mediasının manşetlərində yer alıb. Xeyli sayda media qurumu Azərbaycan Prezidentinin çıxışını tirajlayıb. Bu da təbii ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox önəmlidir”, - deyə S.Kərimli vurğulayıb.
Siyasi şərhçinin fikrincə, daha bir önəmli məqam isə xarici media nümayəndələrinin azad olunmuş ərazilərə səfəri ilə bağlıdır. Jurnalistlər erməni vandalizminin şahidi oldular, işğal dövründə viran qoyulan yaşayış məntəqələrimizi öz gözləri ilə gördülər. Xarici qonaqlar, eyni zamanda, Qarabağda aparılan sürətli bərpa-quruculuq işlərini, sıfırdan yaradılan infrastrukturu da müşahidə etdilər.
“Zəfər yolu ilə Şuşaya gedən media nümayəndələri Azərbaycanın mədəniyyəti, qədim tarixi, mətbəxi ilə yaxından tanış oldular. Bütün bunlar çox böyük əhəmiyyətə malik məqamlardır. Həm yerli, həm də xarici jurnalistlər Şuşa Qlobal Media Forumundan böyük təəssüratlarla ayrıldılar”, - deyə Sahil Kərimli əlavə edib. (AZƏRTAC)