23.12.2024, 18:26
AZ EN
13.07.2023, 18:17 313

Deputat: Beynəlxalq birlik Ermənistanın növbəti ekoloji terrorunun qarşısını almalıdır

XƏBƏRLƏR
  • Ətraf mühitin, təbiətin və ekologiyanın qorunması hər bir ölkə və xalq üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu amil sağlamlığın əsas şərtlərindən biridir. Biz ekoloji problemlərin fəsadlarını çox yaxşı bilirik. Çünki Ermənistanın 30 illik işğal dövründə Qarabağı və Şərqi Zəngəzuru ekoloji fəlakət zonasına çevirməsi hər birimizə yaxşı məlumdur. Prezident İlham Əliyev iyulun 11-də Nazirlər Kabinetinin bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bu problemlə bağlı fikirlərini ifadə etdi.

Bunu açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu inşa etməsi Espo Konvensiyasının tələblərinə ziddir: “Azərbaycan həm rəsmi, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ermənistanın məqsədi həmin zavodun tullantıları Araz çayına axıtmaqla Azərbaycana qarşı ekoloji terror törətməkdir. Çünki zəhərli tullantıları çaya axıtmaqla həm insanlarımızı, həm də digər canlıları zəhərləmiş olacaqlar. Buna görə də beynəlxalq birlik Ermənistanın növbəti ekoloji terrorunun qarşısını almalıdır”.

Fatma Yıldırım qeyd edib ki, füsunkar təbiətə malik olan ərazilərimizdə də ciddi ekoloji problemlər yaşanmasına yol vermək olmaz. Eyni zamanda vətəndaşlar da öz problemlərini sivil qaydada müvafiq orqanlara çatdırmalı, hansısa təxribatlara uyub qanunsuz davranışlara yol verməməlidirlər: “İnanırıq ki, dövlət başçısının bu tapşırığından sonra müvafiq qurumlar lazımi tədbirlər görəcəklər”.

Deputat nəzərə çatdırıb ki, artıq ölkəmizin böyük hissəsi rəsmən “yaşıl enerji” zonası elan edilib. Bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzurda böyük işlər görülür: “Prezident müşavirədə bu barədə fikirlərini ətraflı şəkildə bildirdi. Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Dövlətimizin başçısı artıq 8 şəhər, 22 qəsəbə və kəndin təməlini qoyub. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək”. ("APA")

Oxşar xəbərlər