19.10.2024, 23:50
AZ EN
05.07.2023, 09:00 278

Parisdə Şuşaya həsr edilən kitabın təqdimatı olub

XƏBƏRLƏR
  • Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə “Musulmans en France” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun - Qeyd) və azərbaycanlı professor Elçin Əhmədovun həmmüəllifi olduğu “Qafqazın mirvarisi – Şuşa” kitabının təqdimatı olub.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, diplomatlar, professorlar, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ölkəmizin mədəniyyət mərkəzi olan Şuşa, onun tarixi, işğal altında olduğu dövrdə məruz qaldığı dağıntılar haqqında qonaqlara ətraflı məlumat verib. Səfir bu kitabda şəhərin tarixi, mədəniyyəti ilə yanaşı, həm də insanlarının yaşadıqları əzab, kədər-qüssə dolu məqamlar, eyni zamanda keçirdikləri qürur hisslərinin yer aldığını bildirib.

Kitabın müəllifi “Musulmans en France” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun) kitab haqqında qonaqlara ətraflı məlumat verib. O, Şuşa şəhərinin hər bir azərbaycanlının gözündə nə qədər əhəmiyyətli olduğunu qonaqların diqqətinə çatdırıb:

“İkinci Qarabağ müharibəsində Şuşa işğaldan azad olunan kimi müharibə bitdi”- deyərək o bildirib.

Tədbirdə Şuşaya həsr edilmiş film nümayiş olunub. Filmdə qala-şəhərin müxtəlif tarixi mərhələləri, o cümlədən işğaldan əvvəl, işğal vaxtı və azad edildikdən sonrakı dövrü əks etdirən fotolar, tarixi faktlar yer alıb.

Tədbirdə çıxış edən fransalı tədqiqatçı, siyasi elmlər doktoru, Belçikanın “Brüksel Azad Universiteti”nin professoru Sebastian Bussua Azərbaycanın müstəqillik qazandıqdan sonra keçdiyi inkişaf və tərəqqi yolundan, Azərbaycan xalqının əzmindən danışıb. O, Azərbaycanın üzləşdiyi çətinliklərə baxmayaraq hər zaman yenidən dirçəldiyini, bu gün regionun ən qabaqcıl ölkəsinə çevrildiyini bildirib.

Tədbirdə azərbaycanlı musiqiçi Səddam Novruzbəyov klarnetdə Azərbaycan xalq mahnıları ifa edib.

Qeyd edək ki, “Qafqazın mirvarisi – Şuşa” kitabı Şuşa haqqında fransız oxucularına təqdim olunan ilk əsərdir. “Qafqazın mirvarisi – Şuşa” kitabı Fransanın “Hermann” nəşriyyat evində çap edilib. (Report)

Oxşar xəbərlər