19.10.2024, 20:28
AZ EN
29.06.2023, 13:51 161

Törədilən hər bir təxribatın qarşısının qətiyyətlə alınması Ermənistana ciddi dərs olmalıdır

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsindən sonra Ermənistan sülh danışıqlarına kölgə salmaq üçün mütəmadi olaraq müxtəlif təxribatlara əl atmaqla regional sabitliyə kölgə salır. İstər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Ermənistan zaman-zaman təxribatlar törədək diqqəti yayındırmağa çalışır. ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda XİN rəhbərlərinin görüşü başlayan kimi Qarabağdakı qanunsuz erməni silahlıları tərəfindən təxribat törədilməsi də həmin niyyətdən irəli gəlir.

Bunu Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Deputatın sözlərinə görə, bu təxribatın kökündə sülh danışıqlarına əngəl törətməklə yanaşı, öz revanşist niyyətlərini gerçəkləşdirmək məqsədi dayanır. Radikal erməni qruplaşmalarının bu təxribatının hansı məqsədə xidmət etdiyi aydındır. Bununla da Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmədiyini göstərmiş oldu.

“Baş verənlər onu təsdiqləyir ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki məğlubiyyətindən nəticə çıxarmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, düşmən ölkə törətdiyi təxribatlarla bir daha “sülh istəmirik” mesajı verir. Təəssüf ki, erməni təxribatı nəticəsində bir əsgərimiz yaralandı. Amma ordumuzun cavabı gecikmədi, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində erməni qanunsuz hərbi birləşməsinin 5 üzvü məhv edildi. Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi”, - deyə A.Məmmədov vurğulayıb.

Son zamanlar Ermənistanın cidd-cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşdığını diqqətə çatdıran deputat bildirib ki, bunu həm Qarabağda, həm də sərhəddə təxribatların sayının artması da təsdiq edir.

“Törədilən hər bir təxribatın qarşısının qətiyyətlə alınması Ermənistana ciddi dərs olmalıdır”, - deyən A.Məmmədov xatırladıb ki, 2022-ci ildə keçirilmiş Fərrux və Sarıbaba əməliyyatları ermənilərin qanunsuz hərbi birləşmələrinin törətdiyi təxribatlara cavab məqsədi daşıyırdı və nəticədə çoxlu düşmən silahlısı məhv edilərək böyük ərazilər nəzarətə götürüldü. Bu əməliyyatlarla Ermənistan tərəfinə, sülhməramlılara, eyni zamanda, separatçılara çox vacib bir mesaj verildi ki, sonrakı mərhələdə Qarabağın ərazisində, Azərbaycan hərbçilərini təhrik edəcək dərəcədə harada atəşkəs pozularsa, orada Rusiya sülhməramlı qüvvələri “qeyri-qanuni birləşmələri” sığortalaya bilməz, çünki Fərrux əməliyyatı sırf Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazidə baş tutmuşdu. İş burasındadır ki, Ermənistanın təxribatları arxasında, Rusiya sülhməramlı qüvvələri ilə yanaşı, həm də müəyyən ermənipərəst və islamofob Qərb qüvvələrinin, Qarabağdakı terrorçuların himayəçisi kimi çıxış edən Fransanın da dayandığı görünməkdədir. Bu sırada Avropa Parlamenti daxilindəki korrupsioner siyasətçilərin, ayrı-ayrı təşkilatların da adını çəkmək də mümkündür. Çünki onların addımları Rusiya sülhməramlılarının addımlarından o qədər də fərqlənmir. Əgər sülhməramlılar müvəqqəti nəzarətlərində olan ərazilərdə qeyri-qanuni dəstələri himayə edirsə, bəzi Qərb dairələri də ərazidə baş verən proseslərə qeyri-obyektiv, ermənipərəst yanaşmaları ilə dolayısı ilə eyni missiyanı yerinə yetirirlər. Avropa Parlamentinin bir qrup korrupsioner deputatının erməni lobbisindən aldığı vəsaitlər müqabilində Laçın yolunun blokadada olması ilə bağlı Azərbaycana qarşı qərəzli qətnamə qəbul olunması da qeyd olunanların bir hissəsidir. Hətta ermənilər özləri etiraf edirlər ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan sakinlər arasında aclıq müşahidə olunmur. Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Torosyan Qarabağda “aclıq və blokada” olduğunu bildirən jurnalistə cavabında “Orada aclıq yoxdur, şişirtmək lazım deyil” deyərək cavabını vermişdi. Amma Avropa Parlamenti Laçın yolunda blokada olduğunu və oradakı ermənilərin aclıqdan əziyyət çəkdiklərini bildirir. Erməni deputatı isə avropalı korrupsioner siyasətçiləri ifşa edərək, onların dediklərinin əksini bildirərək reallığı söyləyir. Təbii ki, onların qərəzli qətnamələrinin heç bir əsası yoxdur, tamamilə qeyri-obyektiv və qərəzli bir kağız parçasıdır.

“Azərbaycan postmüharibə dövründə təxribatlara qətiyyətli cavab verib, erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə uğurlu əməliyyatlara imza atıb. Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan ermənilərin təxribatlarına verilən cavabların hamısı Azərbaycanın daha bir üstünlüyü, şəksiz qələbəsi ilə tamamlanıb. Ermənistan anlamalıdır ki, 10 noyabr Bəyannaməsinin 4-cü bəndinə riayət etməlidir. 44 günlük Vətən müharibəsində BMT-nin qətnamələri icra olunduğu kimi, Azərbaycan Ordusu qarşı tərəfi bu bəndin icrasına məcbur etməlidir. Əks təqdirdə “Dəmir yumruğun” şiddəti ilə Ermənistan tarixinin qaranlıq səhifələrinə qərq olacaq”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər