19.09.2024, 05:20
AZ EN
22.06.2023, 07:00 227

AŞPA sessiyasında azərbaycanlıların 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamasından danışılıb

XƏBƏRLƏR
  • Miqrantlar, qaçqınlar, məcburi köçkünlər taleyində zəlzələ qopmuş insanlardır. Onlar cəmiyyətin elə üzvləridir ki, hər kəs onlara həssas münasibət bəsləməlidir. Bu problem 30 ilə qədər çox sayda azərbaycanlını addım-addım izləyib. Bu müddət ərzində Azərbaycan əhalisinin hər 10 nəfərindən biri məcburi köçkün və qaçqın vəziyyətində ömür sürüb.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun yay sessiyası çərçivəsində miqrant və qaçqınların inteqrasiyasına dair məruzələrin müzakirəsi zamanı deyib. O bildirib ki, yalnız 2020-ci ilin noyabrında Azərbaycan Ermənistan və onlara kömək olan qüvvələrin işğal altında saxladığı 20 faiz ərazisini azad etdikdən sonra vəziyyət dəyişməyə başlayıb. Artıq məcburi köçkünlər işğaldan azad edilmiş, minalardan təmizlənmiş ərazilərdə onlar üçün tikilən evlərə tədricən köçməyə başlayıblar. Lakin bu proses hələ uzun çəkəcək. Çünki zəbt edilmiş torpaqlar son 30 ildə tamamilə yaşanmaz hala salınıb, üstəlik bu yerlər başdan-başa minalanaraq ciddi təhlükə mənbəyinə çevrilib. Başqa sözlə, azad olunmuş həmin torpaqlarda indi ikiqat artıq iş görülür. Əvvəlcə ərazilər qarış-qarış minalardan təmizlənir, yalnız bundan sonra orada quruculuq işlərinə başlanılır. Odur ki, mənim ölkəm hələ neçə illər qaçqın və məcburi köçkünlərin qayğısı ilə yaşamalıdır və hələ xeyli vaxt bu ağır mövzu bizim üçün, təəssüf ki, narahat aktuallığını qoruyub saxlayacaq.

“Qaçqınlar və məcburi köçkünlərlə bağlı bir xoş olmayan təcrübə haqqında düşüncəmi də bölüşmək istərdim. Şahidi olmuşuq ki, bu mövzularla bağlı Assambleyada da, digər beynəlxalq təşkilatlarda da illər boyu saysız müzakirələr aparılıb, qətnamələr və digər vacib sənədlər qəbul edilib, ancaq həmin təbəqəyə aid insanların vəziyyətini əsaslı şəkildə yaxşılaşdırmaq, problemlərini köklü həll etmək istiqamətində ciddi iş görülməyib. Sözlə işin arasındakı məsafə həmişə çox uzun olub. Bu gün də məsələyə xüsusi önəm verərək biz problemi bir neçə aspektdən təhlil edən üç mövzu ətrafında müştərək müzakirə keçiririk, yekun olaraq qətnamə də qəbul edəcəyik. Çox istərdim ki, biz kağız üzərində qalan müddəalarla kifayətlənməyək, bugünkü fikir mübadilələrinin və məruzələrin qaçqınların və məcburi köçkünlərin həyatında arzulanan müsbət dəyişikliklərin gerçəkləşməsinə gətirib çıxarmasına nail olaq”, - deyə Rafael Hüseynov vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər