Eyni zamanda, separatçılar kənd təsərrüfatı işləri adı altında Ordumuzun müxtəlif istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa çalışırlar. Silahlı Qüvvələrimizin bölmələrinin gördükləri təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılır. Erməni silahlı birləşmələri bu təxribatları törətməklə orada mövcudluğunu təsdiqləmək istəyirlər. Fortifikasiya qurğuları
olan mövqelərdə həmişə işlər aparılır. Çünki orada müdafiə xarakterli postlar yerləşir. Həmin məntəqələrdə müəyyən fortifikasiya işləri getdikcə genişlənir. Ermənilərin bu fəaliyyəti və Qarabağ iqtisadi zonasındakı bütün işlər məhz Azərbaycanın əleyhinə aparılır.
Bunu açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Hərbi ekspert qeyd edib ki, fortifikasiya işlərinin aparılmasının himayədarı Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı qüvvələridir. Sülhməramlı kontingentin yerləşdiyi postlarının yerləri razılaşdırılıb. Lakin orada qanunsuz erməni birləşmələrinin razılaşdırılmamış şəkildə postları yaradılır. Əgər Rusiya sülhməramlı qüvvələrinin orada yerləşməsə, separatçılar qanunsuz erməni bölmələrinin mövqelərinin tərksilah ediləcəyini bilirlər. Separatçılar bilirlər ki, sülh müqaviləsi ilə bağlı aparılan danışıqların intensivliyi gec-tez bölgədə sülhün bərqərar olmasına gətirib çıxardacaq. Belə ki, Azərbaycanın güclü diplomatiyası, beynəlxalq arenadakı artan nüfuzu erməniləri sülh müqaviləsi ilə çox da manipulyasiya etməyə imkan vermir.
Onun sözlərinə görə, Azərbaycanın uğurlu diplomatiyası Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməsi ilə nəticələnəcək. Ona görə də separatçılar bilirlər ki, orada qalmayacaqlar və inteqrasiya məsələlərinə artıq start vermək olar. Hazırda həm separatçılar, həm də qanunsuz silahlılar aktivləşir, atəşkəsi pozmaqla, yeni mövqeləri gücləndirməklə onlar Azərbaycanın müəyyən şəkildə antiterror əməliyyatı aparmağa sövq edirlər. İstəyirlər ki, ordumuz qəti addım atsın və bu bütün dünyaya bildirsinlər ki, Azərbaycan etnik təmizləməyə başlayıb. Ona görə düşünürəm ki, ordumuz əməliyyat şəraitini nəzarət altında saxlayır. Qanunsuz silahlılara sərbəst hərəkət etməyə, fotifikasiya işlərinin aparılmasına imkan verməyəcək.
“Hazırda cəmiyyətdə antiterror əməliyyatı müzakirə olunur. Onun keçirilməsi demək olar ki, gündəmdədir. Hələ ki, danışıqlarda bu resurs istənmir. Müzəffər Ali Baş Komandanının dediyi kimi, “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında”. Odur ki, düşünürəm ki, zaman gəldikdə, Azərbaycan Ordusu Ali Baş Komandanımızın hər hansı əmrini yerinə yetirəcək və oradakı qanunsuz erməni silahlıları tərksilah edərək torpaqlarımızdan qovulacaq.
Ona görə də Azərbaycan Ordusu buna hazırdır, sadəcə, məqamı çatanda əməliyyata başlaya bilər. Atəşkəs dəfələrlə pozulsa da, bunun da qarşısını almaq üçün ordumuz adekvat cavab tədbirləri görür. Adekvat cavab da antiterror əməliyyatının elementlərindən sayıla bilər. Ancaq Azərbaycan Ordusu genişmiqyaslı əməliyyatın aparılmasına qadirdir və hazırdır", - deyə Şair Ramaldanov vurğulayıb. ("AZERTAC")