Bunu Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.
Bundan əvvəl Şuşa həbsxanasının ərazisində kütləvi məzarlığın tapıldığını qeyd edən V.Əhmədov bildirib ki, Ağdamda aşkarlanan məzarlıq artıq Qarabağda Edillidəki və Şuşadakı kütləvi məzarlıqlardan sonra sayca üçüncü böyük kütləvi məzarlıqdır. “İşğaldan azad edilən Qarabağ ərazisində quruculuq və tikinti işləri davam etdikcə yeni kütləvi məzarlıqların aşkar olunacağı istisna deyil. Bütün bunlar onu göstərir ki, erməni qəsbkarları torpaqlarımızı işğal edən zaman məqsədləri əsir və girov düşmüş vətəndaşlarımıza işgəncə vermək və onları vəhşicəsinə, qeyri-insani şəkildə qətlə yetirmək, azərbaycanlılara məxsus bütün tarixi, mədəni və dini abidələri dağıtmaq olub. Burada məqsəd bir millətə, xalqa məxsus tarixi irsi və mədəniyyəti məhv etməkdən gedir”, - deyə QHT sədri diqqətə çatdırıb.
Onun sözlərinə görə, bütün bunların kökündə irqçilik, ekstremizm, milli və dini zəmində nifrət yaymaq və faşist xisləti dayanır. Çünki müharibə qanunlarına və BMT konvensiyalarına görə, hər hansı sivil xalqı işgəncələrə məruz qoymaq qəti qadağandır. Aparılan araşdırmalar isə onu göstərir ki, erməni hərbi cinayətkarları Qarabağı işğalda saxladıqları zaman yalnız dağıtmaq, tarixi irsi məhv etmək, azərbaycanlı əsir və girovlara işgəncə verməklə məşğul olublar.
V.Əhmədov vurğulayıb ki, bütün dünyanın sivil və mütərəqqipərvər qüvvələri, beynəlxalq təşkilatları bu reallıqlara göz yummamalı, özünü dünyaya sivil xalq kimi təqdim edən ermənilərin necə vəhşi və insanlıq əleyhinə yönəlmiş cinayətləri haqqında həqiqətləri bilməlidir. Şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına deyil, eyni zamanda, illərlə erməni işğalçılarının, Sarkisyan-Köçəryan cinayətkar cütlüyünün insanlıq əleyhinə törətdikləri cinayətlərinin aşkarlanmasına səbəb oldu. Artıq bunu bütün dünya sübut və faktlarla görür. Erməni işğalçılarının bu əməlləri sərt şəkildə qınanmalı və gələcək tarix üçün bir yaddaşa çevrilməlidir. (AZƏRTAC)