Bu sözləri parlamentin iyunun 16-da keçirilən iclasında Milli Məclisin deputati Soltan Məmmədov söyləyib.
“Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ötən həftə Fransa Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatan və qrupun üzvləri ilə görüşdük. Görüşdə iki ölkə arasında münasibətlərə dair bir çox məsələlər ətrafına müzakirəmiz oldu. Fransalı həmkarlarımız da son illərdə ölkələrimizin qarşılıqlı münasibətlərində yaranan anlaşılmazlıqlardan narahatdır. Fransanın Cənubi Qafqazla bağlı siyasətini, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu mövqeyini heç də Fransadakı bütün siyasətçilər dəstəkləmirlər.
Fransa Senatının Beynəlxalq əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin sədri Kristian Kambon ilə görüşdə Azərbaycanı narahat edən məsələlər barədə məlumat vermək imkanımız oldu. Qırx dörd günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın sülh təşəbbüslərinə Ermənistanın qeyri-konstruktiv yanaşması ilə bağlı fikirlərimizi bildirdik. Fransa parlamentinin üzvləri parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacib olduğunu bildirdilər. Bu istiqamətdə bir sıra maraqlı təkliflər, ideyalar səsləndi. Bütün görüşlər zamanı bir daha vurğuladıq ki, əlaqələrdə mövcud böhranın aradan qaldırılması üçün, ilk növbədə, Fransa tərəfinin öz siyasətinə yenidən baxmasına ehtiyac var. Fransa parlamentinin hər iki palatasında Azərbaycanın haqlı, ədalətli mövqeyini anlayışla qarşılayan həmkarlarımız hökumətlərinin yürütdüyü siyasətin yanlış olduğunu cəmiyyətə çatdırmaq üçün daha fəal iş aparmalıdır. Biz də bu məsələdə səlahiyyətlərimiz çərçivəsində zəruri dəstəyi verməyə hazır olduğumuzu bildirdik”, - deyə Milli Məclisin deputatı qeyd edib. (AZƏRTAC)