Bu fikri Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyanın sosial şəbəkədəki səhifəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazidə, Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetrlik sahədə illik istehsal gücü 180 min ton olan böyük metallurgiya zavodunun tikilməsi haqqında məlumat və bu faktı təsdiqləyən videokadrlar yayılıb. Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi, yerli QHT-lər zavodun tikilməsini kəskin şəkildə pisləyən bəyanatlarla çıxış edib, bunu Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusən BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında Konvensiyanın (Espo Konvensiyası) müddəalarının növbəti dəfə kobud şəkildə pozulması adlandırıblar.
Ermənistan tərəfindən 30 il ərzində Araz çayı da daxil olmaqla, Azərbaycan tərəfə axan müxtəlif transsərhəd su ehtiyatlarının mütəmadi olaraq çirkləndirilməsini xatırladan ekspert qeyd edib ki, çayların zəhərlənməsi həm humanitar və ekoloji ziyana, həm də gələcəkdə demoqrafik problemlərə gətirib çıxara bilər.
“Bu ərazinin ölkəmiz ilə sərhəddə yerləşdiyi və zavodun istismar ediləcəyi sahildə su ehtiyatının Ermənistan və onun yaşayış məntəqələri istiqamətində deyil, Azərbaycan tərəfinə axdığını əsas götürərək, Ermənistanın hökumət orqanları və tikintiyə cəlb olunmuş özəl şirkət rəsmi Bakının mövqeyini nəzərə almalıdırlar. Beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfi Azərbaycandan icazə almalıdır, əks halda, Bakı bu qanunsuz tikinti və istismara qarşı tədbirlər görə bilər. İlk növbədə, söhbət müvafiq beynəlxalq instansiyalar və institutlara müraciətdən gedir. Sonuncular, əlbəttə ki, biganə qalmamalı, buna reaksiya verməlidirlər. Nəzərə almaq lazımdır ki, ekoloji mövzular bu gün dünyada ən birinci dərəcəli məsələlərdən biri, xüsusən də içməli su problemi aktual hesab olunur. Azərbaycanda bu məsələ kəskindir, çünki ölkəmiz Cənubi Qafqazda ən az su ehtiyatlarına malikdir. Biz İrəvandan, tikintiyə cəlb olunmuş şirkətdən, eləcə də beynəlxalq subyektlərdən ədalətli narazılığımıza reaksiya gözləyirik”, - deyə Z.Məmmədov vurğulayıb. (AZƏRTAC)